
Azərbaycan Respublikasının Gənclər Fondu və Bakcell-in birgə tərəfdaşlığı ilə gənclərin innovasiya, süni intellekt və rəqəmsal bacarıqlarının inkişafını dəstəkləyən yeni təqaüd proqramı elan edilib.
Birgə tərəfdaşlıq çərçivəsində keçirilən bu təşəbbüs gənclərin potensialının üzə çıxarılmasına, innovasiya ekosisteminin gücləndirilməsinə və gənc mütəxəssislərin formalaşmasına töhfə verməyi hədəfləyir. Tədris müddəti boyunca ümumilikdə 150 gəncin təqaüd proqramından yararlanması nəzərdə tutulur.
Bakı Konqres Mərkəzində baş tutan təqdimat mərasimində Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktor vəzifəsini icra edən Yusif Vəliyev və Bakcell-in Baş direktoru Klaus Müller arasında Tərəfdaşlıq haqqında Anlaşma Bəyanatı imzalanıb. Tədbirdə müxtəlif dövlət qurumları, gənclər və könüllü təşkilatlarının nümayəndələri də daxil olmaqla, 300-dən çox qonaq iştirak edib.
Uzunmüddətli tərəfdaşlıq çərçivəsində keçiriləcək təqaüd proqramının əsas prioriteti gənclər arasında innovativ düşüncə tərzinin formalaşdırılması və süni intellekt əsaslı texnologiyalarla işləmə bacarıqlarının artırılmasıdır. Proqram çərçivəsində təqaüd haqqı qazanmış gənclər süni intellekt, data analitikası, proqramlaşdırma və UI/UX dizayn kimi gələcəyin peşələri üzrə praktiki bilik və bacarıqlara yiyələnmək imkanı əldə edəcəklər.
Proqram çərçivəsində gənclər aşağıdakı istiqamətlərdən birini seçə bilərlər:
1. Süni intellekt (AI) əsaslı texnologiyalar;
2. Data analitika və rəqəmsal qərarvermə;
3. Proqramlaşdırma və proqram təminatı;
4. Rəqəmsal məhsul və platforma bacarıqları;
5. Texnologiya əsaslı innovasiya və startap bacarıqları.
Təqaüd proqramına müraciət etmək istəyən 18-29 yaş arası və IT sahəsi üzrə baza biliklərinə sahib gənclər www.youthfoundation.az saytına daxil olaraq elektron xidmətlər bölməsi vasitəsilə 16 fevral tarixinədək qeydiyyatdan keçə bilərlər.


