
Azərbaycan və Türkiyənin Gənclər Fondları arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Türkiyə Gənclər Fondunun (TÜGVA) nümayəndə heyəti Azərbaycana səfər edib.
Nümayəndə heyəti ilk öncə Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri düzüb. Daha sonra qonaqlar Şəhidlər xiyabanı və Türk şəhidliyi abidəsini ziyarət ediblər.
Səfər proqramına uyğun olaraq Azərbaycan Respublikasının Gənclər Fondu və ölkənin aparıcı gənclər təşkilatları ilə Türkiyə nümayəndə heyəti arasında Gənclər Təşkilatlarının Resurs Mərkəzində görüş təşkil edilib. Görüş zamanı gələcəkdə təhsil, könüllülük, startap və innovasiya sahələrində birgə əməkdaşlıq imkanları müzakirə edilib. Qeyd olunub ki, bu cür səfərlər iki qardaş ölkənin gəncləri arasında həmrəyliyi daha da gücləndirəcək, yeni ortaq təşəbbüslərə zəmin yaradacaq. Həmçinin Mərkəz tərəfindən gənclər təşkilatları və gənclər üçün yaradılan imkanlar barədə qonaqlara ətraflı məlumat verilib.
Səfər proqramının gedişatında Azərbaycan Könüllü Təşkilatları İttifaqının ofisində olan Türkiyə nümayəndə heyəti ölkəmizdə geniş vüsət alan könüllülük hərəkatı və onun davamlı inkişafı üçün həyata keçirilən yeni təşəbbüslər barədə ətraflı məlumat əldə edib. Həmçinin könüllülərin özləri ilə birbaşa görüşərək könüllülüyə günü-gündən artan marağı bilavasitə onların dillərindən dinləyiblər.
Bununla yanaşı, qonaqlar Azərbaycanın tarixi və mədəni irsi ilə tanış olmaq məqsədilə Bakı şəhərinin görməli yerlərində olub, tarixi abidələri ziyarət ediblər.
Bu səfər iki ölkənin gəncləri arasında münasibətlərin dərinləşməsi və gənclərin inkişafına yönəlmiş birgə layihələrin həyata keçirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.