
17 aprel 2025-ci il tarixində Gəncə şəhərində Azərbaycan Texnologiya Universitetində Azərbaycan Respublikasının Gənclər Fondu, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və Azərbaycan Texnologiya Universitetinin birgə təşkilatçılığı ilə “GreenTech II” Startap və Yaşıl Texnologiyalar müsabiqəsi həyata keçirilib.
Müsabiqənin məqsədi Azərbaycanda texnoloji yeniliklər və yaşıl texnologiyalar istiqamətində inkubasiya mühitinin inkişafına dəstək olmaq, həmçinin gənclərin iştirakçılığı ilə ekologiyanın qorunmasına yönəldilmiş innovativ fəaliyyətləri aşkara çıxarmaq olub. Müsabiqədə respublikanın 30 ali təhsil müəssisəsindən 80 komanda mübarizə aparıb.
Tədbirin rəsmi açılış hissəsində Azərbaycan Texnologiya Universitetinin rektoru Yaşar Ömərov, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və Milli Məclisin deputatı Pərvin Kərimzadə çıxış edərək vurğulayıblar ki, müsabiqə gənclərdə ekoloji düşüncə tərzinin formalaşmasına və ekoloji məsuliyyət hissinin artırılmasına, gənclərin startap ekosistemi ilə daha yaxından tanış olmalarına, öz biznes ideyalarını ortaya çıxarmalarına və gələcəyin sahibkarları kimi yetişmələrinə müsbət təsir göstərir. Həmçinin qeyd olunub ki, bu kimi təşəbbüslər gənclərə nəzəri biliklərini praktikaya çevirmək üçün imkan yaradır və komanda şəklində işləmək bacarıqlarını aşılayır.
Müsabiqədə 100-dən çox gənc “Rəqəmsal ekologiya”, “Robototexnika”, “Yaşıl nəqliyyat texnologiyaları” və “Davamlı inkişaf üçün sosial innovasiyalar” olmaqla 4 kateqoriya üzrə I, II, III və həvəsləndirici yerlər uğrunda mübarizə aparıblar.
Müsabiqənin kubokunu kateqoriyalar üzrə müvafiq olaraq Bakı Dövlət Universitetinin “Smart hidro camp”, Qarabağ Universitetinin “Sky Bi”, Milli Aviasiya Akademiyasının “Smart X”, Bakı Ali Neft Məktəbinin “Meta Yeast” komandası əldə edib.
II yerin qalibləri ADA Universitetinin “Lubre en”, Memarlıq və İnşaat Universitetinin “Robo bin”, Azərbaycan Texniki Universitetinin “City Mobility”, Milli Aviasiya Akademiyasının “Drone Flux” komandaları olub.
III yerə Xəzər Universitetinin “Uvita”, Naxçıvan Dövlət Universitetinin “Energella”, Bakı Ali Neft Məktəbinin “BHOSs”, Bakı Dövlət Universitetinin “Tech Titans” komandaları layiq görülüb.
Həvəsləndirici yerlərdə isə Mingəçevir Dövlət Universitetinin “GreenS park/Flame Guard”, Qərbi Kaspi Universitetinin “Doma Tech”, Gəncə Dövlət Universitetinin “Liquid3”, Azərbaycan Dövlət Aqrar Universitetinin “Təbii fəlakət yardımı” komandaları qərarlaşıb.
Qalib komandalar sertifikat və qiymətli hədiyyələrlə mükafatlandırılıb.
Qeyd edək ki, müsabiqə “Coca-Cola”, “Lenovo”, Səhliyalı, “Baku Electronics”, “AZGRANATA” və “ATS Food”un sponsorluğu ilə təşkil edilib.