Azərbaycan Respublikasının Gənclər Fondunun, Azərbaycan Velosiped Federasiyasının, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş Veloyürüş keçirilib.
Yürüşün açılış toplanışında iştirak edən Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Azərbaycan Velosiped Federasiyasının prezidenti Mədət Quliyev və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı çıxış edərək Ümummilli Lider Heydər Əliyevin iqlimin qorunmasına, ölkə idmanına, sağlam həyat tərzinə, nümunəvi yaşam meyarlarına verdiyi xüsusi önəm barədə bəhs etmiş və ölkə gənclərini də bu ənənəyə sadiq qalmasına çağırışlar etmişlər.
100 nəfər velosipedçinin iştirakı ilə baş tutan yürüşdə təşkilatçı qurumların üzvləri ilə yanaşı, milli komandamızın velosipedçiləri və sakinlər də fəal iştirak edib.
Qeyd edək ki, veloyürüşdə iştirak etmək istəyən şəxslər ödənişsiz olaraq yürüşə qoşulmaq imkanına sahib olublar. Yerli sakinlər velospedçiləri böyük maraqla qarşılayıb və onları coşqu ilə dəstəkləyiblər.
4 may tarixində saat 09:00-da Hərbi Qənimətlər Parkının qarşısından start alan veloyürüş Heydər Əliyev Mərkəzinin önündə başa çatıb.