Azərbaycan Respublikasının Gənclər Fondu, Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Hüquq fakültəsinin tələbələri arasında təşkil edilən “Biz gələcəyin vəkilləriyik” adlı növbəti qış məktəbinin açılış mərasimi keçirilib.
Qış məktəbinin əsas məqsədi ölkə ərazisində vəkillik fəaliyyətinin təşviq edilməsi, Hüquq fakültəsi tələbələrinin vəkillik peşəsi sahəsində biliyinin artırılması və onlarda bu sahəyə marağın yaradılması, o cümlədən gənc hüquqşünaslarla Vəkillər Kollegiyası arasında əlaqələndirmənin qurulmasından ibarətdir.
Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sədri Anar Bağırov, Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin sədri Aynurə Salmanlı qış məktəbinin iştirakçılarına uğurlar arzulayaraq ölkəmizdə hüquq məktəblərinin əhəmiyyəti, hazırda ölkəmizdə gənclərin inkişafı üçün geniş imkanlar yaradılması və qış məktəbinin gənc hüquqşünasların ixtisaslaşmasına verdiyi böyük töhfə barədə fikirləri diqqətə çatdırmışlar.
Çıxışlar zamanı vurğulanıb ki, qış məktəbi tələbələrin vəkillik sahəsində hüquqi biliklərini artıracaq, gənc hüquqşünasların bu sahədə ixtisaslaşmasına böyük töhfə verəcək və onlar arasında kommunikasiya əlaqələrini möhkəmləndirəcəkdir.
Xatırladaq ki, “Biz Gələcəyin Vəkilləriyik” adlı qış məktəbinə ümumilikdə 250-yə yaxın hüquqşünas tələbə müraciət etmiş, onlardan 40 nəfərinin motivasiya məktubu o cümlədən onlayn müsahibə zamanı bilik və bacarığı, ictimai fəallığı müəyyən olunaraq, layihədə iştirak hüququ qazanmışdır. Düşərgə 3 gün müddətində, 8, 9 və 10 mart tarixlərində Naftalan şəhərində təşkil ediləcəkdir. Layihənin sonunda düşərgə iştirakçılarına sertifikat təqdim ediləcəkdir.