Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti Gənclər Fondunun dəstəyi ilə “Gənc tədqiqatçılar üçün elmi data bazalar haqqında seminarlar” adlı layihə çərçivəsində Şamaxı şəhərində yerləşən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialında seminarlar keçirib.
Cəmiyyətdən AZƏRTAC-a bildirilib ki, layihənin rəhbəri, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialın direktoru, fəlsəfə doktoru Tünzalə Yusifova layihənin əhəmiyyəti barədə ətraflı məlumat veriblər. Azərbaycan Gənclər Fondunun nümayəndəsi Vüsal Əhmədov Gənclər Fondu barədə təqdimatla çıxış edib.
Seminarlarda tədqiqatçılar üçün beynəlxalq elmi data bazalar və indekslər haqqında təqdimatlar edilib, iştirakçılara “Science Citation Index Expanded” (SCIE), “Social Sciences Citation Index” (SSCI), “Arts & Humanities Citation Index” (AHCI), “Emergizng Sources Citation Index” (ESCI), “Conference Proceedings Citation Index”, “Springer, Zentralblatt MATH”, “Math SciNet-Mathematical Reviews”, “Chemical Abstracts Service”, “Analytical Abstracts” və sair haqqında ətraflı informasiya verilib. İştirakçılar bu sistemlərə üzv olmaq və onlardan istifadə yolları, data bazalara, açıq elmi platformalara çıxış imkanları barədə məlumatlandırılıblar. Tələbələr “Research gate”, “Figshare”, “F1000Research”, həmçinin DOAJ, ORCID, DOİ haqqında geniş biliklər əldə ediblər.
Seminarlarda, eyni zamanda, iştirakçılara “Coursera”, “EdX”, “LearningSpace from Open University”, “Open Course Library”, “Open Courseware”, “Saylor.org” və sair elmi platformalar haqqında da məlumatlar verilib.
Ümumilikdə 100 tədqiqatçını əhatə edən tədbirlərin yekununda iştirakçılara bukletlər paylanıb, sertifikatlar təqdim edilib.