Türkiyə mediası Azərbaycan gənclərinin qardaş ölkədə baş verən təbii fəlakət bölgələrindəki könüllü fəaliyyətinə dair informasiyalara geniş yer ayırmağa davam edir.
Nüfuzlu “Daily Sabah” nəşrində ingilis dilində yayımlanan “Azərbaycandan olan könüllülər Türkiyəyə zəlzələdən xilas olmaqda köməklik edir” sərlövhəli məqalədə Türkiyənin ən yaxın müttəfiqlərindən biri olan Azərbaycanın faciədən sonra həm yardım, həm də axtarış-xilasetmə qrupları göndərərək ilk beynəlxalq dəstəkçilərdən biri olduğu xüsusi vurğulanıb. Məqalədə qeyd edilib ki, Azərbaycandan olan ekipajlar axtarış-xilasetmə işlərini yekunlaşdırıb, lakin sağ qalanların yaralarını, xüsusən də psixoloji təsirlərini sağaltmaq üçün azərbaycanlı gənclər Türkiyədə könüllü kimi fəaliyyətini davam etdirir.
Məqalədə həmçinin zəlzələlərin episentri olan Kahramanmaraşdakı çadır şəhərciyində fəaliyyət göstərən Azərbaycandan olan könüllü gənclərin fikirlərinə geniş yer verilib. “Prezidentimizin çağırışı ilə 100 könüllüdən ibarət nümayəndə heyəti olaraq gəlmişik. Biz burada, Kahramanmaraşda, Adıyamanda və zəlzələdən zərər çəkən digər ərazilərdə könüllü olaraq fəaliyyətimizə davam etdiririk. Biz zəlzələdən əziyyət çəkən insanlara kömək edir, təbii fəlakətdən zərər çəkmiş uşaqlara qayğı göstəririk. Uşaqlar üçün əyləncəli tədbirlər təşkil edirik ki, onlarda travma yaratamış bu fəlakəti unutsunlar. Zəlzələlərlə bağlı xatirələri onların zehnindən tamamilə silə bilmərik, lakin onların yaşadıqlarının təsirini ən azından azalda bilərik. Biz onlara bu şokun öhdəsindən gəlməkdə kömək etməyə çalışırıq”, – deyə gənc könüllü Anar Əzizov “Daily Sabah”a bildirib.
Xəbərdə digər könüllümüz Üzeyir Mustafayevin qardaş Türkiyənin yanında olduqları bildirdiyi qeyd edilib. “Prezident İlham Əliyev Türkiyənin Bakıdakı səfirinə dedi ki, biz bir yumruq, bir ürək, bir canıq və bu, bizim şüarımıza çevrildi. Biz səninləyik, Türkiyə”- deyə Üzeyir Mustafayevin fikirləri ilə nüfuzlu “Daily Sabah” nəşri məqaləni sonlandırıb.