“Baykar Makine” şirkətinin texniki direktoru Selçuk Bayraktar ötən gün Kahramanmaraşda fəaliyyət göstərən Azərbaycan könüllülərinə baş çəkib, onların düşərgəsi və fəaliyyətləri ilə maraqlanıb. Bundan əlavə həyat yoldaşı Sümeyye Ərdoğan ilə birlikdə gənclərimizin fəaliyyət göstərəcəyi qadın dəstək mərkəzinin açılışında iştirak edib. Selçuk Bayraktar Azərbaycan dövlətinin və xalqının həyata keçirdiyi genişmiqyaslı yardım kampaniyalarını, habelə könüllü gənclərimiz qardaş ölkədəki bu nəcib fəaliyyətini çox yüksək qiymətləndirərək, Azərbaycan dövlətinə və xalqına bu çətin günlərdəki həmrəyliyinə görə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, 20 gündən çoxdur təbii fəlakətdən zərər görmüş Kahramanmaraş, Hatay, Adıyaman və Malatya bölgələrindəki çadır şəhərciklərində könüllü kimi çalışan azərbaycanlı gənclər minlərlə zərərçəkmiş şəxsə xidmət edir, zərərçəkmiş əhali üçün gətirilən qida, geyim, dərman və müxtəlif yardımların boşaldılması, çeşidlənməsi, paylanmasını həyata keçirir, yerli əhaliyə səyyar şəkildə su və isti içkilər paylayır və digər dəstəkverici xidmətləri göstərirlər. Həmçinin könüllü gənclərimiz onlarla kəndə səfər edərək humanitar fəaliyyətlərin həyata keçirilməsində fəal şəkildə iştirak ediblər.