Dünyanın 34 ölkəsini təmsil edən 100 mindən çox tələbəni bir araya gətirən və dünya gənclərinin sosial sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində aparıcı təşkilat sayılan “Enactus” platformasının növbəti Dünya Kuboku Puerto-Rikonun San Xuan şəhərində keçirilməkdədir. Oktyabrın 30-da başlayan Dünya Kubokunda müxtəlif ölkələri təmsil edən gənclərin sosial sahibkarlıq üzrə biznes layihələri birincilik uğrunda mübarizə aparır.
Ölkəmizi təmsil edən Azərbaycan Dövlət İqtisad Universitetinin “Enactus” komandasının təqdim etdiyi layihələr 34 ölkənin komandası arasında ən uğurlu layihələrdən biri kimi seçilərək yarımfinal mərhələsinə yüksəlib.
Oktyabrın 31-də Azərbaycanın “Enactus” komandası Kanada, Keniya və Qvatemala komandaları ilə mübarizə aparıb. Açıqlanan nəticəyə əsasən Azərbaycan və Kanada komandaları növbəti mərhələyə vəsiqə qazana bilib.
Yarımfinal mərhələsində komandamız “Kekamaps” və “Limitless” layihələri ilə Almaniya, Kanada və İrlandiya komandaları ilə final mərhələsi uğrunda mübarizə aparacaqdır. Adıçəkilən layihələr cəmiyyətdə inklüzivlik əmsalının artırılması, eləcə də sağlamlıq məhdudiyyətləri olan şəxslərin ictimai yerlərdə hərəkəti üçün əlverişli şəraitin yaradılmasına dəstəyin göstərilməsinə yönəlib.
2005-ci ildən etibarən Azərbaycanın da qoşulduğu “Enactus” proqramında bu, ölkəmizi təmsil edən komanda üçün ən uğurlu nəticələrdəndir. Əvvəlki müddətdə Azərbaycan yalnız bir dəfə, 2019-cu ildə “Enactus” Dünya Kubokunun yarımfinal mərhələsinə qədər yüksələ bilib.
Qeyd edək ki, Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi ilə ölkəmizdə fəaliyyət göstərən “Enactus” proqramı dövlət gənclər siyasəti çərçivəsində gənclər arasında sosial əsaslı sahibkarlıq fəaliyyətinin təşviqində mühüm rol oynayır. Azərbaycan “Enactus” proqamına üzv olan yeganə Cənubi Qafqaz ölkəsidir.