Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və Gənclər Fondunun birgə təşkilatçılığı ilə gənclər təşkilatlarının nümayəndələri üçün onlayn formatda keçirilən “Yeni çağırışlar kontekstində gənclər siyasəti ” mövzusunda qısamüddətli təlim kursu iyunun 8-də öz işinə başlayıb.
Layihənin ilk günündə Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Gənclərlə işin təşkili sektorunun müdiri Həmid Nəsibov ölkəmizdəki gənclər siyasətinin əsas istiqamətləri, Azərbaycanın sosial-iqtisadi inkişafında gənclərin rolu, eləcə də gənclərin hərtərəfli inkişafı üçün dövlət tərəfindən yaradılan imkanlar barədə iştirakçılara geniş məlumat veriblər.
Təlim proqramının iştirakçıları bu mahiyyətdə təşkil edilən interaktiv təlimlərin gənclər təşkilatlarının institusional və metodiki inkişafı, gənclər sektoru üzrə mütəxəssislərin və bacarıqlı insan resurslarının hazırlanması və dövlət tərəfindən yaradılan müvafiq inkişaf alətləri barədə məlumatlılığın artırılması baxımından xüsusi əhəmiyyəti olduğunu vurğuladılar. Daha sonra, gənclər üçün sual-cavab sessiyası təşkil edildi.
Qeyd edək ki, proqram çərçivəsində Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Respublikasının Gənclər Fondu, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəhbər şəxsləri və nümayəndələri ölkəmizdə həyata keçirilən gənclər siyasəti, bu sahədə müəyyən edilmiş əsas prioritetlər, Azərbaycanın müvafiq sahədə uğurlu təcrübəsinə dair məruzə və mühazirələr təqdim edəcək, eləcə də gənclər təşkilatlarının nümayəndələri ilə müzakirələr apararaq onları maraqlandıran sualları cavablandıracaqlar.
Azərbaycanın aparıcı gənclər təşkilatlarının 90-dan çox nümayəndəsinin iştirakı ilə icra olunan layihənin həyata keçiriləcəyi 3 gün ərzində Azərbaycanda könüllülük hərəkatı, gənclərin ideya və təşəbbüslərinin reallaşmasına dövlət dəstəyi mexanizmləri, gənclərlə iş sahəsində beynəlxalq təcrübə, eləcə də gənclərdə dövlətçilik və vətənpərvərlik şüurunun formalaşmasının əhəmiyyəti kimi mövzularda mühazirələr dinləniləcək.
“Yeni çağırışlar kontekstində gənclər siyasəti” mövzusuna həsr olunan qısamüddətli təlim kursu 10 iyun tarixinədək davam edəcək. Sözügedən proqram Dövlət İdarəçilik Akademiyası ilə Gənclər Fondu arasında imzalanan 18 mart 2022-ci il tarixli Anlaşma Memorandumuna əlavə olunan Fəaliyyət Planı çərçivəsində icra olunur.