BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi, Azərbaycan Gənclər və İdman Nazirliyinin, Gənclər Fondu və Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilmiş “Intern Academy – 2” təcrübə proqramının bağlanış mərasimi baş tutub.
Təcrübə proqramının 33 iştirakçısı 2 ay ərzində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası, “İRƏLİ” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzində təcrübə keçiblər. Təcrübə proqramının son iki həftəsində iştirakçılar mütəxəssislər tərəfindən təşkil olunan “Şəxsi İnkişaf” və “Peşəkar İnkişaf” mövzuları üzrə təlimlərdə iştirak ediblər.
Layihənin keçirilməsində əsas məqsəd Gənclərlə iş, Sosial və humanitar elmlər, Hüquqşünaslıq, Dövlət və bələdiyyə idarəetməsi, İqtisadiyyat, Maliyyə sektorunda təhsil alan tələbə və məzunların gənclərlə iş sahəsindəki bilik və bacarıqları daha da inkişaf edərək onların bu sahədə əlavə təcrübə qazanmasına şərait yaratmaqdır.
Tədbirdə iştirak edən gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərinin müavini Min Yuan , “Gəncləri Maarifləndirilməsinə Dəstək” İB-nin sədri Rüfət Qazızadə çıxışlarında tələbə və gənc məzunlara layihədə aktiv iştirak etmələrinə görə təşəkkür edərək, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar. Layihənin məqsədinin gənclərlə iş sahəsində peşəkar kadrların hazırlanması və mütəxəssislərin yetişdirilməsi olduğu da vurğulandı.
“Intern Academy” iştirakçıları isə öz növbəsində proqram haqqında öz təəssüratlarını bölüşərək, gələcəkdə bu kimi layihələrin daha çox gənci əhatə etməsinin önəmini qeyd ediblər.
Tədbirin yekununda iştirakçılara təcrübə proqramını uğurla başa çatdırmaları münasibətilə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, proqramda iştirak üçün 500-dən çox müraciət daxil olub və onlardan 33 nəfər gənc iştirak haqqı qazanıb. Məzunların bəziləri artıq müvafiq qurumlarda işlə təmin edilib. Gənclərdə olan maraq səbəbilə “Intern Academy” təcrübə proqramının mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.