Azərbaycan və Türkiyə gənclərinin iştirakı ilə Qaziantep şəhərində keçirilən növbəti “Beynəlxalq zəfər düşərgəsi” başa çatıb.
Hər ölkədən 100 nəfər olmaqla ümumilikdə 200 nəfər gəncin iştirak etdiyi, 5 gün davam edən düşərgə müddətində gənclər Türkiyənin tarixi və mədəniyyətinin öyrənilməsi məqsədi ilə Qaziantep şəhərində yerləşən Şehreküstü Konakları Milli Mücadele Muzeyi, Zeugma muzeylərinə ziyarət edib, Rumqalaya gəmi turunda iştirak ediblər. Gənclər üçün Türkiyənin ən böyük zooparkına və Yaşıl Vadi Millət Bağçasına gəzinti turu keçirilib. Eyni zamanda, Qaziantep şəhərində Hasan Kalyoncu Universitetinə ziyarət olunaraq azərbaycanlı və türkiyəli professorlar ilə görüş təşkil edilib. Görüşdə gənclərə Türkiyədə təqaüd proqramları ilə təhsildən bəhs edilib Hasan Kalyoncu Universitetinə qəbul şərtləri barədə məlumat verilib.
Düşərgə müddətində azərbaycanlı və türkiyəli gənclər üçün Vətən müharibəsinin qəhrəman qaziləri ilə görüşlər keçirilib, tarixi qələbəmizi şərtləndirən əsas amillər haqqında müzakirələr aparılıb, gəncləri maraqlandıran suallar cavablandırılıb.
Məqsədi hər iki ölkənin gəncləri arasında daha sıx əlaqələrin qurulması, gənclərin maraqlarını əhatələyən ortaq layihələri daha da genişləndirmək olan düşərgənin iştirakçıları çıxışlarında şanlı Zəfər tariximizin təbliğ edilərək daha böyük coğrafiyaya yayılmasının əhəmiyyəti xüsusi olaraq vurğulayıb, bu məqsədlə təkliflər irəli sürüblər.
Həmçinin düşərgə müddətində iştirakçılar Türkiyənin zəngin tarixi-mədəni irsi ilə yaxından tanış olmaq məqsədi ilə Şanlı Urfa şəhərinə səfər yollanıb, dünyada ən qədim istehkam məbəd kompleksi olan Göbəklitəpə, Urfanın tarixi məkanı Balıqlıgöl ziyarətdə iştirak ediblər. Davamında gənclər üçün Şanlı Urfa şəhərinin qədim dövlət universitetlərindən biri olan Harran Universitetinə tur təşkil olunub.
Görüşlər zamanı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbə və bu Zəfərdə gənclərin rolundan, həmçinin işğaldan azad olunan ərazilərin bərpasında gənclərin üzərinə düşən vəzifələrdən danışılıb, gənclərin təklifləri müzakirə edilib.
Azərbaycan Respublikasının Gənclər Fondu, Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu, Türkiyə Gənclik Vəqfinin birgə təşkilatçılığı ilə növbəti dəfə keçirilən düşərgənin əsas məqsədi qardaş dövlətlərin gənclərinin daha sıx əlaqələrinin qurulması, hər iki ölkənin tarixi və mədəni irsinin gənclər arasında təbliğidir.
Uğurla başa çatan düşərgənin növbəti dəfə də keçirilməsi planlaşdırılır.