Ölkənin aparıcı gənclər təşkilatlarının Şuşa şəhərinə səfəri baş tutub.
Azərbaycan Respublikasının Gənclər Fondu və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində 30 gənclər təşkilatının 50-dən çox nümayəndəsi Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərində erməni vandalizminin acı nəticələri ilə, tarixi-mədəni abidələrlə, eləcə də aparılan bərpa quruculuq işləri ilə tanış olublar.
Sentyabrın 10-da baş tutan səfərdə nümayəndə heyəti tərəfindən Cıdır düzü, Yuxarı və Aşağı Gövhər Ağa məscidləri, Qala divarları, Gəncə qapısı və bir sıra tarixi-mədəni abidələr, həmçinin Ali Baş Komandan, Prezident İlham Əliyevin tapşırığı ilə Bakıdan Şuşaya gətirilən, qayıdışları Zəfər simvolu hesab edilən Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri ziyarət edilib.
Səfər iştirakçıları 44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi qələbənin qəhrəmanlarının ruhlarını ehtiramla yad ediblər.
Təşkilat nümayəndələri Prezident İlham Əliyevin Cıdır düzündə xalqa müraciəti zamanı söylədiyi “Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər. Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim prezidentlik dövrümdə yetişən gənclər yerinə yetiriblər, 2003-cü ildə uşaq olan gənclər yerinə yetiriblər. İlk növbədə, biz onlara borcluyuq, bütün Azərbaycan xalqına borcluyuq” sözlərini xatırlayaraq, ölkə gənclərinin hər zaman ölkə başçısının ətrafında sıx birləşdiyini, işğaldan azad olunmuş torpaqlarımızın dirçəlməsində hər bir Azərbaycan gəncinin səfərbər olacağını vurğulayıblar.
Şuşa səfəri zamanı gənclər təşkilatlarının 44 günlük Vətən müharibəsi dövrü ərzində fəaliyyətləri və Qarabağa qayıdışla bağlı qarşıdakı fəaliyyət planları müzakirə edilib.
Qeyd edək ki, bundan əvvəl Gənclər Fondunun təşkilatçılığı ilə gənclər təşkilatlarının Ağdama səfəri baş tutub.