Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platformasının (ASAP) təşkilatçılığı ilə avqustun 28-dən sentyabrın 1-dək Şamaxı şəhərində keçirilən “Ölkə xaricində yaşayan və məzun olmuş azərbaycanlı gənclərin Şəbəkələşmə Forumu” öz işini yekunlaşdırıb.
Tədbirin ilk günündə Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov, Milli Məclisin deputatı Ramin Məmmədov, Gənclər və İdman Nazirliyinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri Fuad Babayev, Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdat Həsənov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin Gənclərlə iş sektorunun müdiri Emin Rüstəmov və digər qonaqlar çıxış ediblər.
Çıxışlarda Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan tələbələrinin xaricdə təhsil almaları üçün müvafiq proqramın qəbul edilməsinin gənclərimizə yaratdığı fürsət və imkanlardan bəhs olunub, dövlət başçısının xaricdə təhsil alan tələbələrin gələcəkdə ölkəmizin həyatında fəal rol oynayacaqları və ölkəmizin hərtərəfli inkişafına verəcəkləri töhfələrlə bağlı fikirləri xüsusilə qabardılaraq, ölkə xaricində yaşayan və məzun olmuş azərbaycanlı gənclərin cənab Prezidentin bu yüksək etimadını doğrultmaq üçün əllərindən gələni edəcəklərinə inam ifadə edilib.
Forumun növbəti günlərində ictimai xadimlərin, tanınmış simalar, bloqerlərin və məzun gənclərin iştirakı ilə müxtəlif görüşlər keçirilib, gənclərin sahibkarlıq fəaliyyəti, ölkə xaricində təhsil alan gənclərin diaspora fəaliyyəti və digər maraqlı mövzular ətrafında müzakirələr aparılıb, ASAP-ın baş katibi və regional koordinatorlar təşkilatın bir illik hesabatını və gələcək layihələr barədə ətraflı məlumat veriblər. Tədbir çərçivəsində iştirakçıların Şamaxı Cümə məscidinə, Tarix Diyarşünaslıq Muzeyinə, Yeddi Günbəz türbəsinə və Narın qalaya ekskursiyaları təşkil olunub.
Ölkə xaricində yaşayan və məzun olmuş azərbaycanlı gənclərin ilk Şəbəkələşmə Forumunun təşkil olunmasında əsas məqsəd ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil edən, informasiya mübadiləsində aktiv olan, nüfuzlu universitetlərdə təhsil alan və məzun olmuş vətənpərvər azərbaycanlı gəncləri bir araya gətirmək və onların şəbəkələşmə prosesinə dəstək olmaqdır.
100-dən çox qonaq və iştirakçıların bir araya gəldiyi, 5 gün davam edən forumda 17 müxtəlif ölkədə təhsil alan və məzun olmuş gənclər iştirak edib.