İki illik fasilədən sonra yenidən keçirilən “Yay Fest” çadır tipli gənclər düşərgəsi Şamaxı rayonunda davam edir.
Bir ay ərzində keçirilməsi planlaşdırılan, silsilə olaraq 5 düşərgədən ibarət olan festivalın “Tələbələr”, “İnnovasiya və sahibkarlıq” və “Vətənpərvərlik” düşərgələri uğurla yekunlaşıb.
Şamaxı Astrofizika rəsədxanasında “Ulduzlara doğru” devizi ilə keçirilən 5 günlük düşərgələrin hər birində iştirakçılar peşəkar təlimlərə cəlb olunub, dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, tanınmış idmançılar, bloqqerlər və qazilərlə görüşlər keçirilib, komanda işləri, əyləncəli oyunlar, düşərgələrin təşkil olunduğu regionun tarixi-mədəni və turizm məkanlarına səfərlər kimi maraqlı fəaliyyətlərə cəlb olunublar.
Gənclərə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurla həyata keçirilən gənclər siyasətinin təhsil, sahibkarlıq, innovasiyalar, məşğulluq və digər sahələrdə yaratdığı imkanlar barədə ətraflı məlumat verilib.
Düşərgələrdə Azərbaycanın zəngin tarix və mədəniyyəti, o cümlədən müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun Vətən müharibəsində qazandığı tarixi zəfər barədə xüsusi sessiyalar keçirilir.
İştirakçıların Buğurt qalası və Çuxuryurd gölünə səfərləri, Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyəti ilə əyani tanış olmaları təşkil olunur.
Hər düşərgənin sonunda iştirakçıların innovativ ideyaları qiymətləndirilir və seçilmiş təşəbbüslərin layihə şəklində inkişaf etdirilməsi Gənclər Fondu tərəfindən nəzərə alınır.
Qeyd edək ki, festivalın növbəti düşərgələri “Könüllülər” və “Karyera və İnkişaf” mövzuları üzrə davam edəcəkdir.
Ötən ay elan olunan festivala 3000-dən çox gənc müraciət edib. Düşərgənin təşkili və keçirilməsi zamanı Nazirlər Kabineti yanında Operativ Qərargahın COVİD-19 pandemiyası ilə əlaqədar müəyyən etdiyi qayda və tövsiyələr nəzərə alınmaqla, yalnız COVİD-19 pasportu olan şəxslərin iştirakı təmin edilib.