Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, UNİCEF-in ölkəmizdəki nümayəndəliyi və “Gənclərin Maarifləndirilməsinə Dəstək” ictimai birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilmiş “Intern Academy” təcrübə proqramının ilk hissəsinin bağlanış mərasimi keçirilib.
Sözügedən təcrübə proqramında “Dövlət İdarəçilik Akademiyası”, “Bakı Dövlət Universiteti”, “Mədəniyyət və İncəsənət Universiteti”, “Turizm və Menecment Universiteti”, “Azərbaycan Universiteti” və “Gəncə Dövlət Universiteti”nin “Gənclərlə iş” ixtisası üzrə magistr pilləsində təhsil almış tələbə və məzunlardan ibarət 19 gənc iştirak edib.
İştirakçılar 31 may tarixindən başlayaraq 8 həftə ərzində Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası, “İRƏLİ” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzində təcrübə keçiblər. Bundan başqa, təcrübə proqramının son iki həftəsində iştirakçılar mütəxəssislər tərəfindən təşkil olunan “Şəxsi İnkişaf” və “Peşəkar İnkişaf” mövzuları üzrə təlimlərdə iştirak ediblər.
Bağlanış tədbirində iştirak edən gənclər və idman nazirinin müavini İntiqam Babayev, Gənclər Fondunun icraçı direktorunun müavini Orxan Ərəbov və UNICEF-in ölkəmizdəki nümayəndəliyinin rəhbərinin müavini Min Yuan çıxışlarında tələbə və gənc məzunlara layihədə aktiv iştirak etmələrinə görə təşəkkür edib, onlara gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayıblar.
Həmçinin mərasimdə çıxış edən “Intern Academy” iştirakçıları proqram haqqında öz təəssüratlarını bölüşərək, gələcəkdə bu kimi layihələrin daha çox gənci əhatə etməsinin önəmini qeyd ediblər.
Bildirilib ki, layihənin məqsədi gənclərlə iş sahəsində peşəkar kadrların hazırlanması və mütəxəssislərin yetişdirilməsidir.
Tədbirin yekununda iştirakçılara təcrübə proqramını uğurla başa çatdırmaları münasibətilə sertifikatlar təqdim olunub.
“Intern Academy” təcrübə proqramının ikinci hissəsinin cari ilin oktyabr-dekabr aylarında həyata keçirilməsi nəzərdə tutulur.