Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə start verilən “Azərbaycan gəncləri arasında ekosahibkarlığın inkişafının təşviqi” layihəsi uğurla davam edir.
Layihə çərçivəsində arıçılıq təsərrüfatının yaradılması və düzgün inkişaf etdirilməsi ilə bağlı nəzəri və praktiki təlimlərə cəlb olunan 21 nəfər könüllü gənc iki həftəlik kursu müvəffəqiyyətlə tamamlayaraq arıçılıq təsərrüfatı üçün lazım olan bütün resurs və ləvazimatlarla tam təchiz olunublar.
Gənc arıçılara istehsalat prosesini effektiv icra etmələri üçün lazımi şərait yaradılıb.
IDEA İctimai Birliyi, Azərbaycan Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və “ABAD” publik hüquqi şəxsin birgə təşkilatçılığı ilə həyata keçirilən layihənin məqsədi biomüxtəlifliyin qoruyucusu olan arıların ölkəmizdə arealını artırmaq, arıçılıq təsərrüfatının ekosahibkarlıq növü kimi Azərbaycanın bölgələrində yayılmasını təşviq etmək, təbii bal istehsalının təmin olunmasına dəstək vermək, aztəminatlı ailələrin maddi rifahının yaxşılaşdırılmasına töhfə vermək və gənclərin məşğulluğunu təmin etməkdir.
Gənc ekosahibkarlar iki il ərzində təbii artım vasitəsilə pətəklərin sayını artıra bilmələri üçün mütəmadi olaraq təsərrüfatları mütəxəssislər tərəfindən monitorinq olunacaq və onlara lazımi məsləhətlər veriləcək. Bazar iqtisadiyyatı şəraitində rəqabətədavamlı bal istehsalı mərhələsinə çatdıqda yeni arıçılara “ABAD” stendlərində öz məhsullarını sərgiləməklə geniş müştəri bazasına çıxış əldə etməyə və satışın səmərəli təşkilinə köməklik göstərilməsi planlaşdırılıb.