25 iyul tarixində Quba rayonunun Üçgün kəndində “İmkanlar Sənə Doğru!” devizi altında “Səyyar Gənclər Xidməti” layihəsinə start verildi.
Layihənin məqsədi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasətinin gənclər üçün yaratdığı imkan və xidmətlərin, o cümlədən məşğulluq, sahibkarlıq, təhsil, innovasiyalar, kənd təsərrüfatı və digər sahələrdə həyata keçirilən proqramların kəndlərdə yaşayan gənclər üçün əlçatanlığının daha da artırılmasıdır. Bu məqsədlə müxtəlif dövlət qurumları və özəl təşkilatlar tərəfindən gənclərə təqdimatlar keçirilib, gənclərin proqramlara yerindəcə cəlb olunması təmin edilib.
Həmçinin, layihənin əsasında gənclərin dövlətçilik və vətənpərvərlik ruhunda yetişməsi, ucqar kəndlərdə yaşayan gənclərin sosiallaşması, asudə vaxtların səmərəli təşkili, onların bilik, bacarıqlarının və dünyagörüşünün genişləndirilməsi dayanır. Bu xüsusda, gənclərin maraqlarını əhatə edəcək müxtəlif mövzular üzrə təlimlər, şəxsi inkişafla bağlı sessiyalar, könüllülük, ixtisas seçimi, əsas həyat bacarıqları və digər mövzularda açıq hava şəraitində təlimlər keçirilib.
Bununla yanaşı, layihədə nəzərdə tutulmuş əyləncə proqramları çərçivəsində gənclər arasında müxtəlif intellektual və idman yarışları təşkil edilir, həmçinin tanınmış insanlarla, o cümlədən uğurlu iş adamları ilə görüşlər keçirilir.
Açılış tədbirində Azərbaycan Respublikası Gənclər Fondu, Quba rayon icra hakimiyyəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi və Dayanıqlı İnkişaf Agentliyinin rəhbər şəxsləri gənclərlə görüşərək, dövlət başçısının gənclərə qayğısı və bu xüsusda, təmsil etdikləri qurumların fəaliyyəti barədə məlumat verdilər.
Tədbir zamanı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı tarixi zəfər və bu qələbənin yaratdığı yeni reallıqlar fonunda gənclərin üzərinə düşən vəzifələr qeyd olundu.
“Səyyar Gənclər Xidməti” növbəti 4 ay ərzində respublikanın 39 rayonunun 100-ə yaxın kəndini əhatə edəcəkdir.
Layihə Azərbaycan Respublikasının Gənclər Fondu, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
İmkanlar gənclərə doğru gəlir!