14 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Gənclər Fondu ilə gənclər təşkilatları arasında hibrid formada görüş keçirilib. Görüş zamanı 15-ci qrant müsabiqəsi ilə bağlı gənclər təşkilatlarını maraqlandıran suallar cavablandırılıb, maliyyələşdirilən prioritet mövzular barədə ətraflı məlumat verilib. Daha sonra gənclər təşkilatlarının fikirləri və təklifləri dinlənilib.
Xatırladaq ki, gənclər təşkilatları Azərbaycan Ordusunun hərb tarixinə qızıl hərflərlə yazdığı şanlı qələbənin mahiyyətinin gənc nəsil arasında təbliğinə, Qarabağa qayıdış prosesində gənclərin və könüllülərin iştirakçılığının təmin edilməsinə, Qarabağın tarixi və mədəni irsi haqqında onların biliklərinin artırılmasına, erməni vandalizminin dünya ictimaiyyətinə çatdırılmasına, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbçilərimizin, həmçinin qazi və qəhrəmanlarımızın cəmiyyətə tanıdılmasına, müxtəlif sahələr üzrə gənclərin bilik və bacarıqlarının inkişafına, innovativ gəncliyin potensialının ortaya çıxarılmasına, sağlam düşüncəli gəncliyin yetişməsinə, Nizami Gəncəvi irsinin gənclər arasında təbliğinə və könüllülüyün inkişafına yönəlmiş yerli və beynəlxalq layihələrini 24 iyul 2021-ci il saat 18:00-dək Gənclər Fondunun rəsmi internet səhifəsindən “Elektron xidmət” bölməsi vasitəsi ilə təqdim etməlidirlər.