Ölkəmizdə mədəniyyət siyasətinin mühüm istiqamətlərindən biri mədəni irsin qorunması və təbliği ilə bağlıdır. Azərbaycan çoxəsrlik tarixə malik maddi mədəniyyət nümunələri ilə zəngin ölkədir. Bu sahədə əsas məqsəd tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafını təmin etmək, habelə hər bir vətəndaşın tarixə irsimizin qorunması üçün məsuliyyətini təşviq etməkdir.
Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşəbbüsü, Azərbaycan Gənclər Fondu və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti və Azərbaycan Könüllü Təşkilatları İttifaqının dəstəyi ilə “İrsimiz Məsuliyyətimizdir” adlı layihəyə start verilir.
Məlum olduğu kimi, hazırda ölkəmizdə müxtəlif fəaliyyət istiqamətləri üzrə könüllü hərəkatları təşəkkül tapmışdır. Digər sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də dövlət siyasətinin həyata keçirilməsində könüllülərin mühüm rolu vardır. Könüllülərimizin daim öz kreativliyi, təşəbbüskarlığı, innovativ düşüncə tərzi, müasir dünyagörüşləri ilə qoşulduqları fəaliyyətə yeni nəfəs verdiklərini nəzərə alaraq, mədəni irsimizin qorunmasında könüllülərin rolunu artırmaq məqsədilə ölkəmizdə fəaliyyət göstərən bütün könüllü hərəkatları və təşkilatlarının da iştirakı ilə sözügedən layihə reallaşacaq.
Layihənin əsas məqsədi mədəni irs nümunələrimizə cəmiyyətin daha həssas yanaşaraq onların qorunması, öyrənilməsi və tanıdılmasında yaxından iştirak etmək və bütün bunları hər bir vətəndaşın özünə mənəvi vəzifə olaraq qəbul etməsini aşılamaqdır.
İlkin olaraq, lahiyə çərçivəsində tərəfdaş qurumların əməkdaşları və könüllülərin iştirakı ilə 19 sentyabr 2020-ci il tarixində saat 11:00-da (Ünvan: Buzovna qəsəbəsi, Sarabski küçəsi 34) XIX əsrə aid Təhməzov Hamamı ətrafında abadlıq işləri aparılacaqdır.