Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondu və BMT-nin Uşaq Fondunun birgə təşkilatçılığı ilə 12 avqust Beynəlxalq Gənclər Günü münasibətilə “Daha yaxşı dünya üçün” Beynəlxalq Gənclər konfransı baş tutub.
2020-ci il üçün mövzusu “Qlobal fəaliyyət üçün gənclərin cəlb olunması” olan, onlayn yayımlanan böyük konfrans Azərbaycan Respublikasının Gənclər və İdman naziri, Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru, BMT-nin baş katibi və dünyanın bir çox ölkəsindən rəsmilərin gənclərə müraciəti və çıxışları ilə başlayıb.
Gənclər Fondunun rəsmi sosial media hesabından yayımlanan konfransa qoşulan minlərlə gənc tədbir boyu fikirlərini şərh bölməsində qeyd edərək, fəal iştirak ediblər.
Konfransın davamında Azərbaycan gəncliyinin fəaliyyətini əks etdirən video çarx nümayiş etdirilib, Azərbaycanın dünyaca uğur qazanmış gənclərinin çıxışları və gənclərə müraciətləri ilə davam edib.
Tədbirdə çıxış edən rəsmi şəxslər bildiriblər ki, gənclərin daim inkişafda olmaları, təhsil almaları və vətənpərvərlik ruhunda tərbiyə olunmaları ölkənin tərəqqisinin bariz göstəricisidir.
Tədbirin davamı olaraq, konfransın əsas mövzusu istiqamətində Azərbaycanın son dövrlərdə ən müsbət təcrübələrindən sayılan “Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi”nin fəaliyyəti və Yerli Gənclər Şuralarının yaradılması geniş kütləyə bir daha təqdim olunub.
Beynəlxalq Gənclər Gününə həsr olunan onlayn konfransın davamında Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini və Gənclər Fondunun icraçı direktorunun gənclərlə səmimi söhbəti baş tutub. Görüşdə gənclərin suallarını cavablayan rəsmilər vurğulayıblar ki, Azərbaycan gəncləri öz fəaliyyətləri ilə ölkəmizin dəyərli vətəndaşları olduqlarını dəfələrlə sübut ediblər. Müstəqillik və dövlətçiliyimizin möhkəmləndirilməsi, gənclərimizin milli maraqlarımız ətrafında sıx birləşməsi gənclərin qarşısında duran əsas vəzifədir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və hazırda onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən dövlət gənclər siyasətinin məğzini də məhz bu təşkil edir.