Azərbaycan Respublikası Təhsil Nazirliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşəbbüsü ilə 11 avqust tarixində xaricdəki tələbələrlə vətənpərvərlik mövzusunda onlayn konfrans baş tutub.
Konfransda son aylarda xaricdəki soydaşlarımızın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycan ordusuna dəstək məqsədilə keçirdikləri aksiya və yürüşlər müzakirə olunaraq, ölkə xaricində yaşayan gənclərimizin bu yöndə görə biləcəkləri işlər müzakirə olunub.
Tədbirdə çıxış edən Gənclər Fondunun nümayəndələri gənclərimizin xaricdə təhsil alması, şəxsi inkişafı və müxtəlif layihələrin icrası üçün daim fond tərəfindən dəstəkləndiklərini, xaricdə təhsil proqramı və müxtəlif qrant müsabiqələri vasitəsilə onlara maliyyə dəstəyinin göstərildiyini bildiriblər.
Onlayn konfransa qoşulan xaricdə təhsil alan gənclərimiz çıxışlarında ölkə xaricindəki soydaşlarımızın hansı formada təşkilatlana biləcəklərini və bunun üçün hansı addımlar atılmalı olduğunu müzakirə ediblər.
Konfransda çıxış edən Təhsil Nazirliyinin nümayəndəsi xaricdə təhsil alaraq ölkəmizə qayıdan, müxtəlif sahələrdə öz təcrübə və biliklərini tətbiq edən gənclərimizə ölkə başçımız tərəfindən böyük diqqət və dəstəyin göstərildiyini xüsusilə vurğulayıb.
Qeyd edək ki, Gənclər Fondunun rəsmi səhifəsindən canlı yayımlanan konfransa yüzlərlə gənc qoşulub.