Azərbaycan Gənclər Fondu, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Art of Living Azerbaijan” yoqa-idman studiyasının təşkilatçılığı ilə “Evdə Yoqa” adlı onlayn tədbir keçirilib. 21 iyun tarixində baş tutan tədbir Beynəlxalq Yoqa Gününə həsr olunub.
Tədbirdə zoom proqramı vasitəsilə qeydiyyatdan keçmiş, Bakıda və regionlarda yaşayan 250-ə yaxın gənc və yoqasevər iştirak edib.
Tədbir gənclər arasında sağlam həyat tərzini və fəal istirahət mədəniyyətini təbliğ etmək, arzu edənlərin yoqanın müxtəlif istiqamətləri ilə tanış olmasına şərait yaratmaq, yoqa haqqında ətraflı informasiya vermək məqsədi daşıyıb.
Məlumat üçün xatırladaq ki, 2014-cü ilin dekabr ayında Birləşmiş Millətlər Təşkilatının (BMT) üzv dövlətləri 21 iyunun Beynəlxalq Yoqa Günü elan olunması haqqında qətnamə qəbul ediblər. Həmin tarixdən etibarən Beynəlxalq Yoqa Günü dünyada milyonlarla insan tərəfindən qeyd olunur.
Ölkəmizdə isə bu tarix ilk dəfə 2015-ci ildə qeyd edilib. Yoqa Azərbaycanda daha əvvəllər də məlum olsa da, 2015-ci ildə ilk Beynəlxalq Yoqa Gününün qeyd olunmasından sonra yoqa ilə məşğul olanların sayının əhəmiyyətli dərəcədə artdığı müşahidə olunur.