Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə 07 Fevral 2020-ci il tarixdə Astara Gənclər Evində Azərbaycan Respublikasının Gənclər Fondunun 13-cü qrant müsabiqəsi çərçivəsində “Uğurlu karyera könüllülükdən başlayır !” layihəsinin təlim kursu baş tutub.Tədbirdə Astara Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rufan Şirinov, layihə rəhbəri Nilufər Mahmudzadə, layihənin koordinatoru Elbəy Fətəliyev və müxtəlif təhsil müəssisələrində təhsil alan 25 nəfər ictimai-fəal gənc iştirak edib.
Tədbiri giriş sözü ilə açan Astara Rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi Rufan Şirinov tədbir iştirakçılarını təmsil etdiyi qrum adından salamlayaraq bildirib ki, 2020-ci il ölkədə cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Könüllülər ili” elan olunub. O, həmçinin vurğulayıb ki, bu gün bu mövzuda layihənin reallaşması həm “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” dövlət Proqramına müvafiq olaraq gənclərin könüllülük fəaliyyətinə təşviq edilməsi, həm də regionda gənclərin könüllülük fəaliyyətinə qoşulması baxımından mühüm əhəmiyyət kəsb edir.
Daha sonra çıxış edən Layihə rəhbəri Nilufər Mahmudzadə Azərbaycan Respublikasının Gənclər Fondu, rəhbəri olduğu layihə haqqında ətraflı məlumat verməklə layihənin əsas məqsədi və qarşıda duran vəzifələri haqqında iştirakçıları məlumatlandırıb. O həmçinin bildirib ki, 2020-ci ilin ölkə Prezidenti İlham Əliyev tərəfindən “Könüllülər ili” elan olunması layihənin uğurlu gedişatına bir daha töhvə vermişdir. Daha sonra çıxış edən layihənin koordinatoru Elbəy Fətəliyev bildirib ki, vaxtilə ölkədə həyata keçirilən irimiqyaslı layihələrdə, eləcə də müxtəlif təşkilatlarda könüllü kimi fəaliyyətə başlayan gənclər könüllülüyün onlara verdiyi bilik və təcrübə sahəsində bu gün müxtəlif qrumlarda məsul vəzifələrdə çalışmaqla vətənə xidmət edir. O, həmçinin gənclərin könüllü olaraq bir sıra idarə və müəssisələrdə, eləcə də gənclər təşkilatlarında yaradılan könüllülük proqramlarına müraciət etmələrini tövsiyyə etmişdir.
Daha sonra təlimçi Rafət Şirəliyev könüllülük fəaliyyəti, könüllülüyün istiqamətləri, bu sahəni tənzimləyən qanunvericvilik bazası, könüllülük sahəsində yerli və beynəlxaq təcrübə haqqında gəncləri məlumatlandırdı.
Layihənin həyata keçiriməsində əsas məqsəd könüllülük fəaliyyətini gənclər arasında təbliğ etmək, layihədə iştirak edəcək gənclərin özlərinin vasitəsilə könüllülüyün daha geniş miqyasda təbliğatını aparmaq, gəncləri cəmiyyətin elmi, mədəni və sosial həyatında iştiraka və könüllü fəaliyyətlərə həvəsləndirməkdir.
Qeyd edək ki, layihənin növbəti təlim kursları Lənkəran,Masallı rayonlarında keçiriləcəkdir.