Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi istiqamətində bir çox tədbirlər həyata keçirmiş və maliyyələşdirmişdir.
Bu istiqamətdə həyata keçirilən fəaliyyətlərin davamı olaraq, dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə Qusar rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən əsgər və zabitlər üçün 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram konserti keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin hərbi hissədəki abidəsi önünə gül dəstələri düzərək, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.
Fondun icraçı direktoru Fərhad Hacıyev əsgərləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. F.Hacıyev, gənclərin vətənpərvər ruhda, ölkəmizə və dövlətimizə sədaqətli, cəmiyyətə yararlı vətəndaş kimi formalaşması və inkişaf etməsi istiqamətində həyata keçirilən tədbirlərdən də söz açıb.
Bayram tədbirində çıxış edənlər Azərbaycanda ordu quruculuğundan, Silahlı Qüvvələrin təkmilləşdirilməsi və maddi-texniki bazasının gücləndirilməsində ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıblar. Bildirilib ki, Ulu Öndərin ordu quruculuğu siyasəti bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Silahlı Qüvvələrə göstərilən xüsusi qayğının nəticəsidir ki, Azərbaycan Ordusu bu gün regionun ən güclü ordusuna çevrilib. Cəbhə xəttində erməni silahlılarının bütün təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınır, düşmənə layiqli cavab verilir.
Hərbi hissənin rəhbərliyi Gənclər Fonduna gənclərin vətənpərvər ruhda tərbiyəsi istiqamətində həyata keçirdiyi layihələrə və tədbirlərə görə təşəkkürünü bildirib.
Çıxışlardan sonra bayram konserti başlayıb. İncəsənət ustalarının ifasında rəngarəng konsert proqramı əsgər və valideynlərdə əsl bayram əhval-ruhiyyəsi yaradıb. Qonaqlar əsgərlərlə birgə rəqs edib, şənləniblər.