“Niyal Dağı” Ekocığırı Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, “Nature Discovery Azerbaijan” və “Mountain Host Azerbaijan”- ın birgə fəaliyyəti nəticəsində ərsəyə gətirilmişdir.
Marşrutunun başlanğıcı İsmayıllı rayonu, Lahıc kəndindən Niyal dağa qədər davam edir. Marşrutun başlanğıc hündürlüyü 1505 metr, maksimal hündürlüyü isə 2053 metr olub. Ümumi məsafə 6 kilometr 880 metrdir.
Marşrut 11 ədəd taxtadan hazırlanan yolgöstərici nişanla işarələnmiş, başlanğıcda isə marşrut haqqda məlumat lövhəsi qoyulmuşdur. Yolgöstərici nişanların üzərində marşrutun adı və zirvəyə qədər olan məsafə yer alır. Zirvədə daha əvvəldən yerləşdirilmiş 3 metr hündürlüyündə zirvə nişanı mövcuddur.
Qeyd edək ki, marşrutu izləyən zaman Girdiman qalasının qalıqlarını da görmək mümkündür. Həmçinin marşrut GPS cihazlarla istifadə üçün uyğunlaşdırılmış və üzərində yaxında “Trailmap” tətbiqində də yerləşdiriləcəkdir.