Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə, Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə X qrant müsabiqəsinin qalibi, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının İqtisadiyyat fakültəsinin IV kurs tələbəsi Xəlil Babayevin “Çinarın kölgəsində söhbətlər” adlı layihəsi həyata keçirilib.
“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində keçirilən layihənin açılış mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin əməkdaşı Arzu Həsənova və tələbələr iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Xəlil Babayev layihə haqqında ətraflı məlumat verib, layihənin həyata keçirilməsində göstərdikləri köməyə görə təşkilatçılara öz təşəkkürünü bildirib.
Sonra çıxış edən rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Rüfət Əhmədov və Gənclər evinin əməkdaşı Arzu Həsənova ölkəmizdə, o cümlədən Binəqədi rayonunda gənclərə göstərilən diqqət və qayğıdan danışıblar. Qeyd olunub ki, Gənclər Fondunun dəstəyi ilə artıq gənclər asanlıqla öz ideyalarını gerçəkləşdirə bilirlər. “Çinarın kölgəsində söhbətlər” layihəsinin çox aktual mövzuya, gənclərin mütaliəyə marağının artırılmasına həsr olunduğunu vurğulayan natiqlər, bu cür layihələrin davamlı olmasını arzulayıblar.
02 və 09 dekabr 2017-ci il tarixdə “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində layihə çərçivəsində təqdimatlar keçirilib.
Qeyd edək ki, “Çinarın kölgəsində söhbətlər” layihəsində Zirvə, Bakı, 505-lər, Qarabağ, Çinar, Gənclik, Üfüq, Şahin, Zəfər, Hədəf komandaları müxtəlif mövzular əsasında təqdimatla çıxış ediblər. Sonda fərqlənən 3 komanda sertifikat və hədiyyə ilə, digər iştirakçılar isə sertifikatla təltif ediliblər.