20 Dekabr 2017-ci ildə Bərdə rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Azərbaycan-Amerika Gəncləri İctimai Birliyi tərəfindən həyata keçirilən “Gənclərin məşğulluğunun təmin olunmasına dəstək” layihəsi çərçivəsində təlim keçirilmişdir.
Təlimi giriş sözü ilə açan layihənin rəhbəri Vüqar Əhmədov layihə haqqında iştirakçılara geniş məlumat verərək qeyd etmişdir ki, bu gün gənclərin məşğulluğunun təmin olunması ölkə səviyyəsində prioritet məsələ hesab olunur. Bunu nəzərə alaraq növbəti layihəmizi gənclərin məşğulluğunun təmin olunmasına həsr etmişik.
Layihənin əsas məqsədi regionda yaşayan gənclərin məşğulluğunun təmin olunması məqsədi ilə müasir informasiya kommunikasiya texnologiyalarının verdiyi imkanlardan istifadə edərək yenilikləri gənclərin nəzərinə çatdırmaqdır. Gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması, internet və informasiya kommunikasiya texnologiyalarından istifadə edərək öz bacarıqlarını inkişaf etdirməsi üçün mövcud və yeni imkanların aşkarlanması təlimin əsas hədəfidir. Təlim eyni zamanda gənclərə peşə və bacarıqlarına uyğun yeni iş yerlərinin yaradılması və tapılması üçün müasir metodlardan və İKT resurlarından istifadənin yollarını açıqlayır.
Layihənin təlimçisi Aydın Əbilov gənclərə İKT-nin müasir dövrümüzdə verdiyi imkanlardan istifadə edərək gənclərin bəhrələnməsi, məşğulluğunun təmin olunması baxımından gənclərin informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadənin yollarına dair təlim keçmişdir. Təlimdə iştirak edən gənclər gələcək peşələrinin seçilməsində İKT-nin rolunun həyatlarında mühüm rol oynadıqlarını qrup işlərində və təqdimatlarında qeyd etmişlər. Təlimdə iştirak edən gənclərə bu sahədə faydalı məlumatlar və bilgilər verilmişdir. İştirakçılar arasında bloqerlik fəaliyyətinin aparılmasına da böyük marağ olmuşdur. Keçirilən təlim gənclərə İKT və bloqerlik sahəsində ixtisaslaşmaq üçün peşə seçimində müsbət təsir göstərmişdir.