“Azəri Gənclər Alyansı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Peşəm gələcəyimin təminatıdır” mövzusunda layihə həyat keçirib. Bakı və Sumqayıt şəhərlərində baş tutan layihənin icrasının başlıca məqsədi layihə iştirakçıları olan yeniyetmə və gənclərin peşə biliklərinə olan maraqlarını artırmaq, onlara nəzəri və praktik biliklər aşılamaq, müxtəlif peşə sahələrində gələcəyin təcrübəli mütəxəssislərinin hazırlanmasına təkan verməkdir.
Layihə çərçivəsində dekabrın 20-si və 21-də Bakı şəhərində baş tutan təlimlərdə 15-25 yaş arası 50-dən çox gənc iştirak edib. Mövzu üzrə təcrübəli ekspert və təlimçilər “Bloggerlik”, “Foto”, “Dizayner”, “Bələdçilik”, “Aşpazlıq”, “ Faşinist”, “Musiqiçi” kimi peşə barədə təlimlər keçib. Bakıda keçirilən təlimlər zamanı ekspert qismində moda sahəsində məşhur blogger Aynur Gözəl, fotoqraf Zaur Nəcəfbəyov, Dünya Turizm Bələdçiləri Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova, gənc sahibkar Aynur Alışanova, dizayner Emil İsmayılov, aşpaz Aliyə Hüseynova gənc və yeniyetmələrə peşə seçimi ilə bağlı ətraflı məlumat verib. Təlimlər interaktiv formatda keçirilib, iştirakçılarla geniş fikir mübadiləsi aparılıb. Peşə seçimi üzrə ekspertlər qeyd ediblər ki, gələcəyin peşəkarı olmaq üçün ilk mühüm addım düzgün seçim etmək və öz peşəsini sevə-sevə yerinə yetirməkdir.
Layihə müddətində növbəti təlimlər Sumqayıt şəhərində baş tutub. Sumqayıtda keçirilən 3 günlük peşə təlimlərində qonaq qismində Sumqayıt İcra Hakimiyyətinin nümayəndəsi Fərman Kazımov, əslən sumqayıtlı olan Azərbaycan millisinin üzvü, Ağır Atletika üzrə dünya çempionu Zülfüqar Süleymanov, Dünya Turizm Bələdçiləri Federasiyasının beynəlxalq təlimçisi Səkinə Əsgərova və musiqiçi Könül Bəkirova, Edu-Map.az vebsaytının redaktoru Toğrul Bayramlı və bələdçi Vüsal Hacıyev iştirak edib.
Ekspertlər çıxışları zamanı Sumqayıtlı gəncləri sevdikləri peşəyə sahib olmaqları üçün həvəsləndirib və onların çoxsaylı suallarını cavablandırıblar.