“Gənclərin İnkişafına Dəstək” İctimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə 10-cu qrant müsabiqəsi çərçivəsində A kateqoriyası üzrə “Uğurlu gələcək üçün doğru addımlar” adlı layihəsini uğurla reallaşdırmışdır.
Layihə çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarında məktəblilər üçün karyera planlama təlimləri keçirilmişdir. Layihənin başlıca məqsədi cənub bölgəsində gənc məktəbliləri düzgün peşə-ixtisas seçimində maarifləndirərək, regionun peşəkar kadr ehtiyacının ödənilməsində düzgün istiqamətləndirməkdir.
Təlimlərin keçirilməsində əsas məqsəd şagirdlərin ixtisas seçiminə yardım etmək, mütəxəssislərlə görüşlər keçirərək mövcud ixtisaslar barədə şagirdlərin geniş məlumat almalarına şərait yaratmaqdan ibarətdir. Təlim proqramlarında yuxarı sinif şagirdlərinə düzgün peşə və ixtisas seçimi, potensial peşə-ixtisas sahələrində ilkin biliklər aşılamaq, gələcək ixtisaslarına qarşı sevgi oyatmaq, gənclərdə innovativ düşüncənin və biznes yönümlü düşüncənin, təşəbbüskarlığın artırılması istiqamətində məlumat verilmişdir. Bildirilmişdir ki, uğurlu karyeranın təməli peşə seçimindən asılıdır. Hər kəs peşə seçərkən düzgün seçim etməlidir. Uğursuz peşə seçimi gələcəkdə gənclərin uzun müddət həyatda öz yerlərini tuta bilməməsinə gətirib çıxarır. Doğru peşə seçimi üçün üç amil: peşəyə istək, peşə bacarığı, əmək bazarının tələbi vacib şərtlərdəndir. Peşə və ixtisas seçimi zamanı hər bir gənc əmin olmalıdır ki, seçdiyi məhz arzuladığı, arzuladığı elə seçdiyidir. Öz işində peşəkar olmaq istəyən kəs mütləq öz istəklərinə uyğun peşə seçməlidir. Peşə qabiliyyətinin, bacarığının olması da mühüm şərtdir.
Layihə çərçivəsində 21-27 dekabr, 2017-ci il tarixlərində Masallı, Astara və Lənkəran rayonlarında 300 nəfərə yaxın rayon orta məktəb yuxarı sinif şagirdlərinin iştirakı 5 təlim proqramı təşkil olunmuşdur. Təlim proqramlarında gənc məktəblilərin ixtisas seçimində şəxsi potensial qabiliyyətləri və bacarıqlarınının psixoloji diaqnostik testlər vasitəsi qiymətləndirilməsi və uyğun karyera sahəsinin müəyyən edilməsi və onların gələcəkdə peşəkar bir mütəxxəsis olması üçün vacib biliklər verilmişdir.