09 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Şabran rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə Şabran şəhər 5 nömrəli tam orta məktəbdə “Sülh və inkişaf naminə həmrəy olaq!” adlı layihə çərçivəsində növbəti maarifləndirici tədbir keçirilmişdir. Tədbirdə ümumilikdə 24 nəfər gənc iştirak etmişdir.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlanmışdır.
Giriş sözü ilə tədbiri açıq elan edən layihə rəhbəri Elvin Vəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, fəaliyyət istiqamətləri, qısa müddət ərzində əldə etdiyi uğurları və “Sülh və inkişaf naminə həmrəy olaq!” adlı layihənin məqsədləri və layihə çərçivəsində görülmüş işlər haqqında ətraflı məlumat vermişdir. Layihənin müasir dövrdə əhəmiyyətindən bəhs edən natiq, həmçinin bir sıra dünya ölkələrində islamofobiyanın geniş yayıldığı dövrdə müsəlmanların həmrəylik nümayiş etdirməsinin zəruriliyini bildirmişdir. Bununla yanaşı, Azərbaycanda dövlət və din münasibətlərindən, İslam həmrəyliyinin vacibliyindən, ölkədə mövcud olan radikal dini cərəyanların gənclərə təlqin etdiyi mənfi təsirlərdən də söhbət açan layihə rəhbəri, eyni zamanda gənclərimizin düzgün istiqamətdə maarifləndirilməsinin, təhsilə və dini dəyərlərə önəm verən gənclərin yetişdirilməsinin zəruri olduğunu qeyd etmişdir.
Tədbirdə çıxış edən məruzəçilər də islam ölkələrinin mövcud olduğu coğrafi ərazilərdə baş verən toqquşmalar, qanlı qarşıdurmalar, xarici faktorların təsiri, eləcə də Avropa ölkələrində islamofobiyanın yayılması haqqında ətraflı məlumat vermiş və gənclərin düzgün istiqamətlənməsi üzrə lazimi tövsiyələr vermişlər.
Layihə çərçivəsində Şabran rayonunda yaşayan gənclər arasında müvafiq maarifləndirici görüşlərin keçirilməsi davam etdiriləcəkdir.