11 yanvar 2018-ci il tarixdə Xətai rayon 257 № li tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və 257 № li tam orta məktəbin təşkilati dəstəyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrand müsabiqəsinin qalibi rayon gənci Aynur Orucovanın “Ekoloji sağlam həyat gənclərin gözü ilə” adlı layihəsinin bağlanış mərasimi və layihə çərçivəsində “Təmiz şəhər” mövzusunda sonuncu canlı rəsm müsabiqəsi keçirilmişdir.
Tədbirdə Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, 257 № li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Kamilə Kərimova, Azərbaycan Rəssamlar İttifaqının üzvü Sevinc Kərimova və layihə rəhbəri Aynur Orucova iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Xətai rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov son illər ekoloji problemlərin həlli istiqamətində dövlət tərəfindən görülən işlər haqqında danışmış və bu kimi layihələrin Xətai rayonunda da uğurla həyata keçirildiyini vurğulamışdır.
Sonra çıxış edən layihə rəhbəri Aynur Orucova layihənin keçirilməsində məqsədin uşaq, yeniyetmə və gənclərin ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, eyni zamanda ətraf mühitə dair bilik və təcrübələrini artırmaq və onlarda ekoloji mədəniyyəti formalaşdırmaq olduğunu qeyd etmiş və layihənin həyata keçirilməsində göstərdiyi köməkliyə görə Xətai Rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman İdarəsi və 257 № li tam orta məktəbin rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.
Azərbaycan Rəssamlar İttifaqının üzvü Sevinc Kərimova müsabiqə iştirakçılarına layihənin keçirilmə qaydaları və mövzu haqqında ətraflı məlumat verdikdən sonra müsabiqəyə start verilmişdir.
“Təmiz şəhər” mövzusu üzrə keçirilən müsabiqənin nəticələrinə görə Həsənzadə Aydan Səbuhi qızı I yeri, Rəcəbova Cəmilə Mehman qızı II yeri, Həsənli Nəsrin Şahin qızı III yeri tutmuşlar. Müsabiqənin qalibləri diplom və xatirə hədiyyələri ilə digər iştirakçılar isə sertifikatla mükafatlandırılmışlar.