Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X Qrant müsabiqəsinin qalibi olmuş “Sülh və inkişaf naminə həmrəy olaq!” layihəsi uğurla həyata keçirilmişdir. Layihənin əsas məqsədi cənab Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunmuş “İslam Həmrəyliyi ili”nin Şabran rayonunda yaşayan gənclər arasında təbliğ edilməsi, onların müvafiq olaraq maarifləndirilməsi, islam həmrəyliyinin ölkəmizə, eləcə də bütün islam aləminə verəcəyi müsbət nəticələrini gənclərə aşılanmasından ibarət olmuşdur.
Bu məqsədlə Şabran şəhər 1, 2, 3, 4 və 5 nömrəli, Gəndov və Aygünlü kənd tam orta məktəblərində müvafiq maarifləndirici tədbirlər uğurla həyata keçirilmişdir. Layihə çərçivəsində keçirilən görüşlərdən ümümilikdə 185 nəfər gənc yararlanmışdır.
Layihə çərçivəsində sonuncu görüş 17 yanvar 2018-ci il tarixdə Şabran rayon Aygünlü kənd tam orta məktəbdə təşkil edilmişdir. Tədbirdə 30 nəfər gənc iştirak etmişdir.
Azərbaycan Respublikasının dövlət himni səsləndikdən sonra, tədbiri giriş sözü ilə açıq elan edən layihə rəhbəri Elvin Vəliyev Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu və layihə haqqında, eləcə də layihə çərçivəsində görülmüş işlər və əldə olunmuş nəticələr haqqında ətraflı məlumat vermişdir. E.Vəliyev, həmçinin ölkəmizin müsəlman dünyasının bir parçası olmasından və İslam dünyası ölkələrində baş verən mənfi proseslər, tendensiyaların aradan qaldırılmasında müsəlman ölkələrinin, xalqlarının sülh, sabitlik şəraitində yaşamasında dövlətimizin ortaya qoyduğu mövqeyindən geniş şəkildə bəhs etmişdir. O bildirib ki, ölkəmizdə islam həmrəyliyinin təmin olunması istiqamətində görülən işlər Azərbaycanın öz milli-mənəvi dəyərlərinə, İslam dininə, İslam ölkələrinin birliyinə nə dərəcədə önəm verdiyinin göstəricisidir.
Tədbirdə çıxış edən məruzəçilər də müxtəlif dinlərin və mədəniyyətlərin həmrəyliyi istiqamətində məqsədyönlü siyasət yürüdən Azərbaycanın İslam ölkələri arasında qarşılıqlı əlaqələrin genişlənməsi üçün mühüm addımlar atmasından, bunun nəticəsi olaraq mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verən ölkəmizin İslam dünyasında böyük nüfuz qazanmasından geniş şəkildə bəhs etmişlər. Onlar, həmçinin bildirdilər ki, xalqların sülh, bəşəri dəyərlərə sadiqlik, birlik şəraitində, dinc yaşaması çərçivəsində İslam həmrəyliyi müsəlman ölkələrinin problemlərinin həllinə, onlar arasında müxtəlif əlaqələrin genişlənməsinə öz töhfəsini verəcəkdir.