Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilati dəstəyi, Elektron Hökumət Təlim-Tədris Mərkəzinin və Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Assosiyasiyasının birgə təşkilatçılığı ilə həyata keçirilən “İnformasiya Cəmiyyətinin Təməli – Gənclər və Elektron Hökumət” layihəsi başa çatmışdır. Layihənin icrasına Gənclər Təşkilatları Milli Şurası və Məlumat Hesablama Mərkəzi xüsusi dəstək göstərmişlər.
Layihə çərçivəsində 3 ay ərzində elektron hökumət həllərinin istifadəsinə həsr edilmiş silsilə təlimlər keçirilmiş, elektron hökumət barədə geniş auditoriyalar üçün məlumat xarakterli seminarlar təşkil edilmiş və gənclərin elektron hökumət həllərindən istifadəsini təşviq etmək məqsədilə “Gənclər üçün Elektron Hökumət” müsabiqəsi reallaşdırılmışdır. Bu tədbirlər sayəsində elektron xidmətlərdən istifadə barədə gənclər təşkilatlarının rəhbər və nümayəndələri və gənc sahibkarlar lazımi biliklər əldə etmiş və “Elektron Hökumət”dən geniş istifadə etməyə başlamışlar.
Layihə Gənclər Fondunun əsas prioritet elan etdiyi sahələr üzrə gənclərin maarifləndirilməsini həyata keçirməklə yanaşı “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” və “Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” çərçivəsində gənclərin informasiya texnologiyaları üzrə biliklərinin artırılması, texnologiyalardan istifadə imkanlarının genişləndirilməsi və gənclər arasında elektron hökumət həllərindən istifadənin təbliği istiqamətlərində müəyyən edilmiş bir çox vəzifələrin icrasını reallaşdırmışdır.
Layihə üzrə təlimlər ölkənin 10 şəhərini əhatə etmişdir. Bakı, Naxçıvan, Lənkəran, Şamaxı, Bərdə, Göyçay, Gəncə, Mingəçevir, Göyçay, Qazax və Quba şəhərlərin Elektron Hökumət Təlim-tədris Mərkəzinin regional mərkəzlərində keçirilən təlimlərdə ümumilikdə 200 nəfər gənc iştirak etmişdir. Elektron Hökumət Təlim-tədris Mərkəzinin telekonfrans infrastrukturundan istifadə etməklə ölkə üzrə geniş miqyaslı təlimlər keçirmək mümkün olmuşdur. Hər bir təlim 10 qrup üçün 4 gün ərzində keçirilmişdir. Təlimlərdə gənclərin ən çox istifadə etdiyi e-xidmətlər, Elektron Hökumət portalı (www.e-gov.az), elektron sənəd və imza, elektron imzanın praktiki tətbiqi və imza ilə menecment və biznes proseslərin səmərəliliyin artırılması, elektron vergi xidmətləri, məcburi dövlət sosial sığortası üzrə hesabatların elektron qaydada təqdim edilməsi, əmək bildirişlərinin qeydiyyata alınması xidməti, statistika və gömrük sahəsi üzrə elektron xidmətlər barədə ətraflı biliklər verilmişdir. Təlimin yekununda hər bir gəncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Elektron Hökumət Təlim-Tədris Mərkəzinin sertifikatı təqdim edilmişdir.
Təlimlərlə yanaşı Bakı, Gəncə və Quba şəhərlərində keçirilən konfranslarda 1000 nəfərdən çox şəxsə layihənin məlumat sessiyaları keçirilmiş, Gənclər Fondunun fəaliyyəti, layihənin məqsədi və “Elektron Hökumət”in gənclər üçün əhəmiyyəti haqqında məlumat verilmişdir. Layihənin nəticələrinin müzakirəsi, daha çox gənclər təşkilatlarının və gənclərin layihə cəlb edilməsi məqsədilə 2017-ci ilin dekabr 26-da “Gənclər və Elektron Hökumət” adlı konfrans keçirilmişdir. Konfransda “Gənclər üçün Elektron Hökumət” müsabiqəsinin qalibləri müəyyən edilmiş və mükafatlar təqdim edilmişdir.
Layihə çərçivəsində iştirakçıların elektron hökumət həlləri üzrə bilik və bacarıqlarının artırılması məqsədilə çap edilmiş “Gənclər üçün Elektron Hökumət” kitabçası hər bir iştirakçıya təqdim edilmişdir. Həmçinin, layihənin yekunu olaraq hazırlanan video dərslərin daha geniş auditoriyaya çatdırmaq məqsədilə “Gənclər və Elektron Hökumət” adlı youtube kanalı açılmışdır. Layihəyə həsr edilmiş məqalə və xəbərlərdə layihənin gənclər üçün əhəmiyyəti xüsusi vurğulanmışdır.