25 yanvar 2018-ci il tarixdə Nərimanov rayonunda yerləşən 177 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsinin qalibi Gülüş Əsgərovanın rəhbəri olduğu gənclər arasında etik mədəniyyət və ictimai davranış qaydalarının təbliği ilə bağlı informasiya çatışmazlığını aradan qaldırmaq və bu sahədə təcrubənin inkişaf etdirilməsi, dövlətin və cəmiyyətin mənafeyini hər şeydən üstün tutmağı yeniyetmə və gənclərimizə çatdırmaq məqsədi ilə həyata keçirilən “MədəniSƏN” layihəsinin açılış tədbiri keçirildi. Tədbirdə YAP Nərimanov rayon təşkilatının baş məsləhətçisi Nizami Babaşov, 177 saylı tam orta məktəbin direktoru Günel Xanlarova, təlimçi-ekspert Bakı Bələdiyyə teatrının aktyoru Xudu Mürsəlov, 177 saylı orta məktəbin 60-dan çox yuxarı sinif şagirdi, gənclərlə iş üzrə nümayəndələr və fəal gənclər iştirak etdilər.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X qrant müsabiqəsi çərçivəsində mailiyyələşdirdiyi “MədəniSƏN” layihəsinin rəhbəri Gülüş Əsgərova çıxış edərək tədbirdə iştirak edən qonaqları salamladı.
O, Azərbaycan gənclərinin cəmiyyətdəki rolundan danışıb. Qeyd edib ki, dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunan gənc nəsil hazırda cəmiyyətin avanqardına çevrilib. G. Əsgərova bildirib ki, Azərbaycanda gənclərin potensialının üzə çıxması üçün hər cür şərait var. “Bu isə ilk növbədə onunla bağlıdır ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir”, – deyə natiq bildirib. Sonda G. Əsgərova layihəni dəstəkləyən və mailiyyələşdirən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fonduna və tərəfdaş təşkilatlar YAP Gənclər Birliyinə, YAP Nərimanov rayon təşkilatına və Gənclər Birliyinə, Nərimanov rayon Gənclər və İdman İdarəsinə və layihənin icrası müddətində ona dəstək olan hər kəsə öz minnətdarlığını bildirdi.
Daha sonra, 177 saylı tam orta məktəbin direktoru Günel Xanlarova, YAP Nərimanov rayon təşkilatının baş məsləhətçisi Nizami Babaşov və təlimçi-ekspert Bakı Bələdiyyə teatrının aktyoru Xudu Mürsəlov çıxış edərək gənclərin fərdi layihələrin icrasına marağının artmasını müsbət hal kimi qiymətləndiriblər. Bildirildi ki, yeniyetmə və gənclərimiz arasında ictimai davranış qaydalarının təbliğ olunması zamanın tələbidir. Yaşından, peşəsindən asılı olmayaraq, hər bir vətəndaş cəmiyyətin bir parçası olduğu üçün etik normalara və ictimai davranış qaydalarına əməl etməlidir. Yeniyetmə və gənclərimiz cəmiyyətdə sağlam mövqe tutmaq istəyirlərsə, etik qaydalara riayət etməli, özlərinin mədəni səviyyələrini artırmağın qeydinə qalmalıdırlar. Natiqlər məktəbliləri milli ideologiya ilə silahlanmağa, xalqımızın tarixini, ədəbiyyatını, incəsənətini dərindən öyrənməyə səsləyib. Gənc nəslin yetişməsində pedaqoji kollektivin üzərinə düşən vəzifələrdən də danışılıb. Tədbirdə həmçinin qeyd olundu ki, etika və ictimai davranış mədəniyyəti yeniyetmələrə hələ orta məktəb illərində aşılanmalıdır.
Sonda iştirakçılara sertifikatlar təqdim olundu.
Qeyd edək ki, Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun mailiyyə dəstəyi və YAP Gənclər Birliyi, YAP Nərimanov Rayon Təşkilatı, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə tərəfdaşlığı ilə reallaşdırılırdı.