[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/10/IMG_8654.jpg” ]
Bildiyiniz kimi, 28-30 oktyabr 2012-ci il tarixlərində, Bakıda “Sərhədsiz gənclər əməkdaşlığı” adlı beynəlxalq forum keçirilir. Forumun təşkilatçıları Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənclər Fondu və Avropa Komissiyasının Təhsil və Mədəniyyət üzrə Baş Direktorluğudur. Forumun keçirilməsinin əsas məqsədi Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramı və tərəfdaş ölkələr arasında qeyri-formal təhsil sahəsi üzrə beynəlxalq gənclər əməkdaşlığının tanınmasının inkişaf etdirilməsidir. 100-dən çox yerli, Avropa və dünya ölkələrindən olan iştirakçının qatılacağı forum ingilis dilində keçirilir. Forumda 40-a yaxın ölkədən nümayəndə iştirak edir.
Dünən rəsmi açılış mərasimi keçirilən forum öz işini davam etdirir. Bugün, saat 17:00-da “Kempinski Badamdar” otelində, Azərbaycan Gənclər Fondu ilə Polşanın Təhsil Sisteminin İnkişafı Fondu arasında anlaşma memorandumu imzalanacaq. Avropa İttifaqı və Azərbaycan arasında qeyri-formal təhsil sahəsində beynəlxalq gənclər əməkdaşlığının vacibliyinin və tanınmasının inkişafını özündə əks etdirən memorandum Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və Polşanın Təhsil Sisteminin İnkişafı Fondunun baş direktoru Miroslaw Marczewski tərəfindən imzalanacaq.
Avstriya, Belçika, Bolqarıstan, Danimarka, Almaniya, Kipr, Macarıstan, Polşa, İtaliya, İspaniya, Sloveniya, Türkiyə, İngiltərə, Belarus, Gürcüstan, Rusiya, Ukrayna, Misir, Morokko, İordaniya, Tunis, Albaniya, Makedoniya, Serbiya, Estoniya, Norveç, Lüksemburq, İsveç, Fransa kimi ölkələrin gənclər təşkilatlarının, milli agentliklərinin nümayəndələrinin iştirak etdiyi forum 3 paneldə davam edir. Panellərin mövzuları “Gənclər Fəaliyyətdə” Proqramı və tərəfdaş ölkələr arasında əməkdaşlıq, “Gənclər Fəaliyyətdə” proqramının mənim regionuma təsiri və reallıqlar, gələcək perspektivlərdir. Bununla yanaşı, forumun rəsmi açılışından sonra iştirakçılar Şəhidlər Xiyabanını ziyarət etmiş, Dövlət Bayraq Meydanında olmuşlar.