[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/NDA_2529.jpg” ]
Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyevin Gün.Az-a müsahibəsi:
– Fərhad müəllim, siz gənclərlə daim əməkdaşlıq edirsiniz və rəhbərlik etdiyiniz Gənclər Fondu onlara daim öz dəstəyini göstərməkdədir. Sizcə həmin gənclər arasında, ölkəmizdə kifayət qədər kreativ gənc varmı və onlar ölkənin ictimai-siyasi həyatında nə dərəcədə fəaldırlar?
– Sürətlə inkişaf etməkdə olan ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır. Bu inkişaf sahələrində əlbəttə ki, gənclərin böyük rolu var. Onlar nəinki bu prosesin iştirakçısı qismində, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi çıxış edirlər. Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Ölkəmizin hər yerində yaradıcı gənclərə rast gəlmək mümkündür. Cəmiyyətimiz kreativ gənclərə ehtiyac duyur, buna görə onlar üçün hər bir şərait yaradılır. Bu gün Azərbaycanda yaradıcı gənclərin sayı artmaqdadır. Kino, teatr, rəsm, sənətlə məşğul olan gənclər öz üzərlərində işləyirlər. Gənclərimiz incəsənətdə – musiqidə, rəssamlıqda, ədəbiyyat sahəsində, idmanda öz uğurları ilə seçilirlər. Bu sahələrdə onların aktivliyi ilbəil artır. Biz onların beynəlxalq aləmdə nailiyyətləri haqqında tez-tez xəbərlər alırıq. Gənc alimlərimizin, ixtiraçılarımızın nəinki ölkəmizdə, həmçinin xarici dövlətlərdə əldə etdikləri uğurlar haqqında eşitmək təbii ki, bizi çox sevindirir.
– Ümumiyyətlə, kreativ gənclər necə olmalıdır, özlərində hansı keyfiyyətləri cəmləməlidirlər?
– Kreativ gənc dedikdə, olduqca müxtəlif yaradıcı sahələri təmsil edən gənclər nəzərdə tutulur. Yaradıcı gənclərin formalaşmasının başlanğıc təməli məktəblərdən, ali təhsil müəssisələrindən qoyulur. Hər bir gəncin kiçik yaşlarından əldə etmək istədiyi, dəyər verdiyi və onun reallaşmasına can atdığı arzuları var. Bununla yanaşı xüsusi qabiliyyət və bacarıqları var ki, onların hesabına yaradıcı gənc kimi formalaşmağa başlayırlar. Buna görə də ölkəmizdə gənclərə xidmət edən, onların bilik və bacarıqlarını üzə çıxara biləcək, onlardan faydalanma imkanı verə biləcək şərait yaradılır. Gənclərin vətənpərvər ruhlu yetişməsi, yaradıcı kimi formalaşıb cəmiyyət üçün yararlı olması üçün dövlətimiz tərəfindən ortaya qoyulmuş imkanlar var. Müasir dövrdə insan həyatının, günümüzün ən əsas tələblərdən biri de texnologiyadır. İnkişaf etmiş və inkişafda olan dünya ölkələri kommunikasiya vasitələrindən sürətlə istifadə etməkdədirlər. Azərbaycan da texnologiya sahələri üzrə də inkişafa doğru irəliləyir. Burada da gənc kadrların rolu danılmazdır. Bu, bir daha Azərbaycanda istedadlı gənclərin formalaşmasına sübutdur. Həmçinin, ölkəmizin dünya ölkələri sırasında hərtərəfli tanınmasına yaradıcı gənclərimiz və onların fəaliyyətləri zəmin yaradır. Müasir gənclərimizin böyük maraq obyektinə çevrilmiş sahələrdən biri də elmdir. Bu əlbəttə ki, sevindirici haldır. Ölkəmizin gələcəyi onun gənclərinin əlindədir.
– Sizin fikrinizcə, kreativ gənclərin sayının artırılması üçün hansı işlər görülməlidir?
– Gənclərin maarifləndirilməsinə dair ölkəmiz hər cür şərait yaradır, bir çox şeylər isə gənclərin öz əlindədir. Təhsil almaq, gələcəyin yararlı şəxsiyyətinə çevrilmək hər bir gəncin özündən asılıdır, sadəcə verilmiş bu şanslardan istifadə etmək kifayət edər ki, yaradıcı gənc kimi yetişəsən. Gənclərimiz ölkəmizin bir çox dövlət proqramlarına uyğun xaricdə təhsil imkanı əldə edirlər. Bütün bunlar gənclərimizin yüksək səviyyəli təhsilə yiyələnmələrinə imkan yaradır. Bu gün Azərbaycan dövlətinin gəncliyin inkişafı, aktual məsələlərinin həlli üçün geniş maddi və mənəvi imkanları var.
Ümid edirəm ki, gələcək illər ərzində dövlətimizin gənclərə göstərdiyi imkanlar daha da üstün olacaq və bununla da daha çox yaradıcı gəncin formalaşmasına təkan veriləcək.
Fidan Əliyeva
Gün.Az