[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/13.jpg” ]
Gənclər Fondunun dəstəyi ilə “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi tərəfindən Göyçay rayonunda həyata keçirilən “Gəncliyi gələcəyimiz üçün quraq!” layihəsi davam edir. Bu layihə çərçivəsində nəzərdə tutulan növbəti təlimlər 10-11-12 noyabr tarixlərində Göyçay Tarix və Diyarşünaslıq muzeyinin akt zalında təşkil edilib. Təlimlər vətəndaş təhsili sahələri üzrə təcrübəli təlimçilər tərəfindən aparılmışdır. 3 gün ərzində təşkil olunan təlimlərdə Göyçaylı gənclər Aktivlik dilemması, Motivasiya, Tolerantlıq, Sterotiplər, Liderlik və komanda işi və s. mövzularda interaktiv metodla biliklər əldə etmişlər.
Sonda iştirakçıların təlim və təlimçilər haqqında fikirləri öyrənilmiş, təlimin qiymətləndirilməsi aparılmış, iştirakçılara sertifikatlar təqdim edilmişdir. Təlimlərin sonunda “Göyçay İnkişaf Mərkəzi”-nin sədri Əzizağa Atakişiyev gənclərə təlimlərdə aktiv və davamlı iştiraklarına görə təşəkkür etmiş, gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Həmçinin o, növbəti günlərdə Göyçay rayonunda “Kitab müzakirə klubu” vasitəsilə gənclərə pulsuz kitab paylama aksiyasının da keçiriləcəyini bildirmişdir. Əzizağa Atakişiyev bu aksiyanın xüsusilə ehtiyacı olan gənclər və şagirdlər üçün nəzərdə tutulduğunu qeyd etmiş və aksiyada paylanacaq kitabların əsasən dərs materialları, vətəndaş təhsili, ingilis dili, hüquq və bədii ədəbiyyatlardan ibarət olacağını bildirmişdir.
Qeyd etmək istərdik ki, layihənin əsas məqsədi Göyçay rayonunda yaşayan seçilmiş gənclərin həyat bacarıqlarını inkişaf etdirmək, müxtəlif təsiretmə vasitələri ilə təhsilə və elmə maraqlarını artırmaq, onları ictimai həyatda fəal iştiraka cəlb etmək, liderlik, azad fikir-yürütmə bacarıqlarını inkişaf etdirərək rayonda gənclərin sosial həyata aktiv inteqrasiya edilməsinə nail olmaqdır. Təlimlərdə Göyçay rayonundan ərizə forması ilə öncədən seçilmiş aktiv, motivasiyalı 60 nəfər gənc iştirak edir.