[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/11/ph_2.jpg” ]
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) tərəfindən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Kreativ Gənclər Şəbəkəsi” layihəsi davam edir. Layihə çərçivəsində Şəki şəhərində Şəki şəhər İcra Hakimiyyəti, Şəki şəhər Gənclər və İdman İdarəsi və Azərbaycan Müəllimlər İnstitutunun Şəki filialının təşkilati dəstəyi ilə “Şəki Kreativ Gənclər Forumu” təşkil olunub.
Forum zamanı iştirakçılara “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, Azərbaycan Gənclər Fondu və “Kreativ Gənclər Şəbəkəsi” layihəsi haqqında məlumat verilib. Daha sonra iştirakçılar Dövlət, QHT, Biznes və KİV üzrə dəvət olunmuş ekspertlərin çıxışlarını dinləyib, ekspertlərə Dövlət proqramında təmsil etdikləri sahələr üzrə yer alan maddələr haqqında suallarını ünvanlayıblar. Forumda Dövlət sektorunu Şəki şəhər Gənclər və İdman İdarəsinin rəisi Vüqar İsgəndərov, QHT sektorunu ARGTMŞ-nın rəhbəri Şahin Seyidzadə, Biznes sektorunu “Şərqi Avropa və Mərkəzi Asiya Biznes İnkubatorları və Texnologiya Parkları Şəbəkəsi”-nin üzvü İlyas Səfərli, KİV-i isə “Kanal S”-in müxbiri Gülşən Aslanova təmsil edib. Ümumilikdə 150-yə yaxın gəncin iştirak etdiyi Forum ekspertlər və gənclər arasında fikir mübadiləsi və müzakirələrlə davam edib. Müzakirələr əsasında gənclər öz ideyalarını bölüşərək Dövlət Proqramına təkliflər səsləndirmiş və bu təkliflər üzərində müzakirələr aparılmışdır. Tədbir zamanı iştirakçılar onlara təqdim olunmuş xüsusi təklif forması vasitəsilə təkliflərini yazılı formada da təqdim etmək imkanı əldə ediblər. Təqdimat zamanı fəallığı və kreativliyi ilə seçilən iştirakçılar Respublika Forumunda iştirak hüququ əldə ediblər.
Layihə çərçivəsində 14 noyabr 2012-ci il tarixində, Gəncə şəhərində “Gəncə Kreativ Gənclər Forumu” keçiriləcək.