[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/12/Logo-Hayat.jpg” ]
Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Həyat” Beynəlxalq Humanitar Təşkilatı tərəfindən icra olunan “Yollarda təhlükəsizlik sahəsində gənclərin maariflənməsi” layihəsi davam etməkdədir. Müddəti altı ay olan layihənin əsas məqsədi təlimlər və əyani materiallar vasitəsilə cəmiyyətin gənclər təbəqəsi, xüsusilə də əcnəbi qaçqın, sığınacaq axtaran və məcburi köçkün gənclər arasında yol təhlükəsizliyinin təmin edilməsinə, bu sahədə mövcud qaydaların əlifbasına yiyələnmək və həmin qaydalara riayət olunmasına dair maarifləndirmə proqramının keçirilməsi və bununla da, həmin gənclərin yol təhlükəsizliyi sahəsində biliklərinin artırılmasına nail olmaqdan ibarədir.
Ölkəmizdə yollarda təhlükəsizliyin təmin olunması sahəsində mövcud problemlərin aradan effektiv şəkildə qaldırılması vətəndaş cəmiyyətinin geniş iştirakını tələb edir. Maarifləndirmə, məlumatlandırma, geniş aksiyalar və təlimatlandırma kimi məsələlər qeyri-hökümət təşkilatları tərəfindən uğurla yerinə yetirilə bilən işlərdəndir. Məhz bu səbəbdən həmin istiqamətdə müəyyən olunmuş məqsədə nail olmaq üçün layihə çərçivəsində yollarda baş verən insidentlərdən xüsusilə zərər çəkə bilən və bununla da xüsusi risk qrupuna aid edilən uşaq və yeniyetmələr, gənclər, gənc sürücülər, həmçinin bu sahədə təlim proqramlarının tədrisinə cəlb olunmuş təlimçilər üçün təlimlər təşkil olunacaq, yollarda təhlükəsiz hərəkəti təbliğ və təlqin edən əyani vəsaitlər, o cümlədən “Biz yol hərəkəti qaydalarını öyrənirik” adlı kitabçalar çap olunacaq və paylanacaqdır.
Layihənin benefisiarları olan gənclər arasında diqqət tələb edən xüsusi bir kateqoriya var ki, bu da qaçqın və məcburi köçkün statusunda olan insanlardır. Həmin insanlar arasında uzun müddətdir ki, Azərbaycanda yaşayan çox sayda uşaq, yeniyetmə və gənclər var. Onların böyük əksəriyyəti dövlət dilini bilmir və obyektiv səbəblər ucbatından yol təhlükəsizliyi haqqında mövcud qanunvericilikdən bixəbərdirlər. O da məlumdur ki, bu günədək həmin kateqoriyaya aid edilən insanlarla yol təhlükəsizliyi sahəsində hər hansı təlim proqramları təşkil olunmamışdır. Hazırkı layihənin effektiv icrası həm də bu sahədə boşluğu aradan qaldırmış olacaqdır. Bütövlükdə gözlənilir ki, layihə başa çatdıqdan sonra minlərlə gənc insan (xüsusilə də gənc sürücü və piyadalar, yeniyetmə və uşaqlar) yol təhlükəsizliyi qaydalarına əməl olunma barədə geniş biliklərə yiyələnəcəklər ki, bu da onların yollarda təhlükəsiz davranmalarına gətirib çıxaracaq.
Hal-hazırda layihə çərçivəsində beş mövzuda buklet və plakatların, “Biz yol hərəkəti qaydalarını öyrənirik” adlı kitabçaların nəşr olunması başa çatmaqdadır. İcrasına başlanmış layihənin növbəti mərhələsində müxtəlif qrupa aid edilən gənclər üçün təlim proqramları təşkil olunacaq və geniş məlumatlandırma kampaniyası keçiriləcəkdir. Layihə 2013-cü ilin fevral ayında başa çatacaqdır.