[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/12/52225.jpg” ]
Bütün dünyada olduğu kimi, Azərbaycanda da gənclərin böyük bir qismi narkomaniya və onun törətdiyi xəstəliklərdən əziyyət çəkirlər. Bunu qismən də olsa aradan qaldırmaq üçün beynəlxalq təcrübədə əsas istiqamətlərdən sayılan maarifləndirmə, təbliğat və profilaktika işlərinin bu gün daha düzgün, effektiv aparılması çox vacibdir. Regionlardakı əhalinin, xüsusən gənclərin bu haqda məlumatlarının, biliklərinin az olması onlar arasında daha məsuliyyətli işlərin görülməsini labüd edir. Bu baxımdan “Bizim Gənclik” İctimai Birliyi narkomaniyaya qarşı mübarizədə maarifləndirmə, təbliğat işlərinin gücləndirilməsi, habelə vətəndaş cəmiyyətinin dəstəyinin təmin edilməsi məqsədilə Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclərin sosial-ictimai fəallığının gücləndirilməsi” layihəsinin icrasını başa çatdırmışdır.
Qeyd edək ki, layihə çərçivəsində ölkə miqyasında, xüsusilə aparıcı ali təhsil müəssisələrinin yerləşdiyi regionlarda (Gəncə, Lənkəran, Sumqayıt) narkomaniya əleyhinə maarifləndirmə-təbliğat xarakterli tədbirlər həyata keçirilmişdir.
Dövlət Komissiyasının İşçi Qrupu və Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi ilə birgə keçirilən bu tədbirlərdə əhalinin, xüsusilə gənclərin narkomaniyaya dair məlumatlandırılması ilə yanaşı, ölkədə bu sahədə aparılan uğurlu islahatlar, əldə olunmuş nəticələrlə bağlı məlumatlar verilmiş, eləcə də mütəxəssislər tərəfindən dünyada tətbiq olunan qabaqcıl forma və metodların əks olunduğu təqdimatlar həyata keçirilmişdir.
Təlim keçmiş gənclər narkomaniya və onun törətdiyi xəstəliklərdən müdafiə olunmaqla, həm öz həmyaşıdlarına bu haqda məlumat vermək, həm də əhalinin digər yaş qruplarını da bu sahədə maarifləndirmək imkanı qazanmışlar. Nəticədə maariflənən insanların sayı dəfələrlə artmışdır.
Tədbirlərdə, eyni zamanda bu sahədə maarifləndirmənin daha da güclənməsinə xidmət edəcək bu kimi layihələrin davamlı olmasının, bu bəla ilə mübarizədə cəmiyyətin bütün təbəqələrinin səfərbər olmasının, həmçinin proseslərə vətəndaş cəmiyyətinin daha fəal cəlb olunmasının vacibliyi də diqqətə çatdırılmışdır.