[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2013/01/1.jpg” ]
Azərbaycan Gənclər Fondunun Maliyyə dəstəyi ilə həyata keçirilən “Turizm sənayesi üçün peşəkar gənclərin hazırlanması” adlı layihə 7 yanvar 2013-cü il tarixində rəsmən yekunlaşıb. “Şəfəq” Ekoturizm İctimai Birliyi 1 oktyabrda Lənkəran, 4 oktyabrda Astara, 9 oktyabrda Masallı, 12 oktyabrda Lerik, 16 oktyabrda Yardımlı, 19 oktyabrda isə Cəlilabad gəncləri ilə bir sıra məlumatlandırıcı xarakterli görüşlər keçirmişdir. Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən tədbirlərə cənub regionunun Rayon İcra Hakimiyyətləri, Rayon Mədəniyyət və Turizm şöbələri, Rayon Gənclər və İdman İdarələri, Rayon Təhsil şöbəsi təşkilati dəstək vermişdir. Ümumilikdə rayonlarda təşkil olunan görüşlərə 200 nəfərə yaxın gənc cəlb olunmuşdur. İştirakçılar içərisində otellərin, QHT və dövlət qurumlarının nümayəndələri, tələbə və müəllim kollektivi, bir sıra ictimai fəal gənc təmsil olunurdu. Gənclərlə görüş zamanı ölkənin, eləcə də cənub regionunun ayrı-ayrı rayonlarının turizm inkişaf prespektivləri müzakirə olunmuş, turizmin inkişafında kadr məsələlərinə də toxunularaq, gənclərin bu sahədə fəallığının vacibliyi qeyd olunmuşdur. Bütün tədbirlərdə Azərbaycanda Dövlət gənclər siyasəti və gənclərə dövlət qayğısından da geniş şəkildə danışılaraq, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət proqramı çərçivəsində yaradılan Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən hazırkı layihənin məhz bu qayğının bariz nümunəsi olduğu bildirilmiş və Dövlət proqramı haqqında iştirakçılar məlumatlandırılmışlar.
Tədbirlərdə “Şəfəq” Ekoturizm İctimai Birliyinin həyata keçirdiyi hazırkı layihənin AzGF tərəfindən maliyyələşməsinin gənclər üçün əhəmiyyətindən danışılmış və layihə, layihədə nəzərdə tutulan təlimlərin mahiyyəti barədə gənclərə ətraflı məlumatlar verilmişdir. Layihə çərçivəsində 2 təlim kursunun keçirilməsi nəzərdə tutulmuş və həmin təlimlərə seçilmək arzusunda olan, lakin internet imkanları məhdud olan gənclərə təlimlərin ərizə formaları paylanılmışdır. Ərizələr həmçinin elektron formada www.resurs.az saytında və sosial şəbəkələrdə də yayımlanmışdır.
Ərizə ilə müraciət əsasında seçim başa çatdıqdan sonra 2-6 noyabr 2012-ci il tarixində, Qəbələ rayonunda “Bələdçi (gid) xidməti sahəsində peşəkar gənclərin hazırlığı” adlı 5 günlük təlim kursu həyata keçirilmişdir. Təlimdə Ərizə forması ilə müraciət edən 72 nəfər arasından seçilmiş 15 rayonu təmsil edən 18 nəfər gənc iştirak edirdi. Təlim müddətində təlimçilər-Südabə Babazadə və Bahar Adayeva tərəfindən iştirakçılara bələdçiliyin təşkili praktikası və proqramda nəzərdə tutulan digər mövzular ətraflı şəkildə izah olunmuş, iştirakçıların aktiv iştirakı ilə müzakirələr və qrup işləri təşkil edilmişdir. Əlavə olaraq, “Şahdağ” Milli Parkı rəhbərliyinin dəstəyi ilə 4 noyabr 2012-ci il tarixində Parkın İsmayıllı rayonunun Buynuz kəndi ərazisinə təcrübə turu təşkil olunub. Park ərazisində iştirakçılara məlumatlar verilməklə praktiki məşğələlər keçirilib. Hər bir təlim iştirakçısı təcrübə turunun nəticələrini inşa şəklində hazırlayaraq təlim kursunda əldə etdikləri bilik və bacarıqları nümayiş etdirmişlər.
30 noyabr-4 dekabr 2012-ci il tarixlərində “Qeydiyyatçı (reception) xidməti sahəsində peşəkar gənclərin hazırlığı” adlı ikinci təlim kursu həyata keçirilmişdir. Təlim kursunun ilk mərhələsi 30 noyabr-2 dekabr 2012-ci il tarixində Lerik rayonunda başlanaraq 3-4 dekabr 2012-ci il tarixində Masallı rayonunda təcrübə mübadiləsi ilə yekunlaşmışdır. Təlimdə ərizə forması ilə müraciət edən 50 nəfər arasından seçilmiş 12 rayonu təmsil edən 18 nəfər gənc iştirak edib. Təlim müddətində təlimçilər-Cavid Cəbiyev və Səbinə İsmayıllı tərəfindən iştirakçılara təlim kursunun proqramında nəzərdə tutulan mövzular ətraflı şəkildə izah olunmuş, iştirakçıların aktiv iştirakı ilə müzakirələr, qrup işləri və rol oyunları təşkil olunmuşdur.
Hər iki təlim kursunun yekununda iştirakçılara sertifikatlar təqdim olunub.
Layihənin yekun konfransı 16 dekabr 2012-ci il tarixində, Lənkəran şəhərində təşkil olunmuş, layihə və layihənin nəticə və uğurları ilə bağlı Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə nəşr olunmuş bukletlər iştirakçılara paylanmışdır. Tədbirdə QHT və dövlət orqanlarının nümayəndələri, ictimai fəal gənclər, jurnalistlər, layihədən faydalanan bir sıra gənclər və başqaları təmsil olunmuşlar.
[divider_line opacity=”10″ /] [postgallery_grid content=”image” columns=”4″ lightbox=”yes” attached_id=”5714″ id=”5714″ imageeffect=”reflection” imgheight=”154″ imgwidth=”240″ width=”980″ /]