[imageeffect type=”frame” align=”alignleft” width=”240″ height=”154″ alt=”” url=”http://youthfoundation.az/wp-content/uploads/2012/09/test4.jpg” ]
“Gənclərin Sosial Problemlərinin həllinə Kömək” İctimai Birliyi və “Gənc Dost” Gənclər İctimai Birliyi (Samux) Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə fiziki qüsurlu gənclərin cəmiyyətə inteqrasiya olunması mövzusunda “Təcrid olunma, inteqrasiya ol!” adlı layihəni həyata keçirməyə başlamışdır. Layihənin məqsədi Samux rayonunda yaşayan fiziki qüsurlu gənclərə öz istedadlarını inkişaf etdirə bilməsi, keyfiyyətli təhsil, təlim və tibbi xidmət almaq üçün imkanların yaradılmasına ictimai vəkillik kampaniyası aparmaq, fiziki qüsurlu gənclərin sosial problemlərinin həll olunmasına kömək etməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasına, özlərini cəmiyyətin dəyərli və tamhüquqlu vətəndaşları kimi hiss etmələrinə, həyatın bütün sahələrindən maneəsiz faydalanmaq imkanlarına malik olmalarına yardımçı olmaqdan ibarətdir.
Layihənin məqsədinə nail olmaq üçün layihə çərçivəsində aşağıdakı vəzifələr icra olunacaqdır:
Regionda (Samuxda) yaşayan fiziki qüsurlu gənclərə və onların cəmiyyətə inteqrasiya olmalarına yerli səviyyəli diqqətin artırılması;
Yerli hakimiyyət qurumlarını, bələdiyyə və icmaları fiziki qüsurlu gənclərin sosial problemlərinin həllinə cəlb etmək;
Azərbaycanda fəaliyyət göstərən fiziki qüsurlu gənclərin problemləri ilə məşğul olan gənclər təşkilatları və digər maraqlı tərəflərlə əlaqələrin qurulması.
“Təcrid olunma, inteqrasiya ol!” adlı layihə Samux rayonunda fiziki qüsurlu gənclər üçün ilk layihədir. Bu layihədən Samux rayonunda yaşayan bütün fiziki qüsurlu gənclər faydalanacaq. Layihənin icrası Samux rayonunda yaşayan fiziki qüsurlu gəncləri sosial proseslərdə aktiv iştirak etməyə və cəmiyyətə inteqrasiya etməyə yardım edəcək. Layihə çərçivəsində fiziki qüsuru olan gənclərdə yeni bilik və vərdişlər, məlumatlar mübadiləsində iştirak, peşəkar bacarıqlarını inkişaf etdirməklə yanaşı, bu gənclərdə şəxsi keyfiyyətlərini və potensiallarını inkişaf etdirmək, cəmiyyətə faydalı olmalarına dair inam hissi gücləndiriləcəkdir. Bu layihənin icrası eyni zamanda, hədəf gənclər qrupunda asudə vaxtlarının səmərəli təşkilinə töhfə olacaqdır. İctimaiyyəti bu layihənin gedişinə cəlb etməklə onlarda fiziki qüsurlu gənclərə diqqət və qayğını artırmaq mümkün olacaqdır.