Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Balakən rayonunda həyata keçirilən “Gənc spikerlər” adlı Məktəblilərin Natiqlik Klubu layihəsinə yekun vurulub.
Layihə çərçivəsində rayonun dörd zonasında “Nitq mədəniyyəti”, “Bədən dili və jestlər”, “Karl Popper debatı” mövzularında seminarlar keçirilib. Təlimlərdə dinləyicilərə düzgün nitqin qurulması və fikrin çatdırılması ilə bağlı məlumatlar verilib. Rayonun 32 ümumtəhsil məktəbini əhatə edən təlimlərdə 200-dən çox gənc iştirak edib.
Layihənin növbəti mərhələsində Balakən şəhərindəki Gənclər Evində “Karl Popper debatı” formatında turnir təşkil edilib. Müzakirələrdən əvvəl layihənin rəhbəri Habil Çolaxov çıxış edərək Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar debatın mövzusunun Cümhuriyyətin 100 illiyinə həsr edildiyini diqqətə çatdırıb.
Sonra debat iştirakçıları “Azərbaycan Xalq Cümhuriyyəti dövründə gənclərin vətənpərvərlik hisləri indiki kimi yüksək olsa idi, cümhuriyyət daha çox yaşayardı” mövzusunda müzakirələr aparıblar. Yekun nəticələrə görə, Qazma kənd 2 nömrəli tam orta məktəbin “Nika” komandası turnirin qalibi adını qazanıb. Sonrakı yerlərə Balakən şəhər 1 nömrəli tam orta məktəbin “Nizami-cədid” və Qullar kənd 2 nömrəli tam orta məktəbin “Propaqanda” komandaları layiq görülüblər.
Layihə çərçivəsində “Ən yaxşı Natiq” nominasiyasında Lalə Yüzbaşıyeva, Mutuxov Şamil, Gülay Kantayeva, Fəridə Yüzbaşıyeva, Mətin Səfərli, Məhbubə Alqayeva və Vüsalə Məmmədova təltif edilmişlər.
Layihənin nəticəsində Gənclər və İdman İdarəsinin tərkibində “Debat klubu” yaradılmış və klubun gündəliyi formalaşdırılmışdır.