14 avqust 2018-ci il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Respublikasının Gənclər Fondunun, BMT-nin Uşaq Fondu (UNİCEF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr edilmiş təntənəli tədbir keçirilib.
Tədbirin açılışında BMT-nin baş katibi Antonio Quterreşin və BMT-nin Gənclər üzrə elçisi Cayatma Vikramanayakenin təbrik video müraciəti və Beynəlxalq Gənclər Günü devizi altında Bakı şəhərində təşkil edilmiş əyləncəli tədbirlərin qısa video xülasəsi tədbir iştirakçılarına nümayiş etdirildi.
Rəsmi hissədə çıxış edən Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov gənclərimizin beynəlxalq arenada əldə etdiyi uğurlar və dövlət tərəfindən, xüsusilə də cənab Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində gənclərə təklif edilən dəstək alətləri barədə məlumat verdi. F.Cəfərov öz çıxışında bildirmişdir ki, bu gün Azərbaycan dövləti öz gəncliyi ilə fəxr edir və hazırda ölkə gəncləri daha sürətli inkişafla irəliləyir.
UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin gənclərin qlobal səviyyədə üzləşdikləri çətinliklər və BMT-nin bu xüsusda fəaliyyəti, həmçinin Beynəlxalq Gənclər Gününün tarixi barədə məlumat verdi.
Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini və eyni zamanda Gənclər Fondunun Müşahidə Şurasının üzvü Mətin Kərimli, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov çıxış edərək gəncləri təbrik etmişlər.
Tədbirin ikinci hissəsində müxtəlif dövlət qurumlarının və Fondun əməkdaşlarının iştirakı ilə “Bakıda və regionlarda ictimai məkanlar-gənclərin asudə vaxtının səmərli təşkili” və “Virtual təhlükəsiz məkanlar və gənclər” mövzuları üzrə panel müzakirələr keçirilmişdir.
Tədbirin davamı olaraq, fəal gənclərin iştirakı ilə Şamaxı rayonunun Pirqulu kəndinə 2 günlük düşərgə keçirilmişdir.