Azərbaycan Respublikasının Gənclər Fondu tərəfindən 7-8 sentyabr 2018-ci il tarixlərində Mingəçevir şəhərində Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun və Fondun Müşahidə Şurasının üzvlərinin iştirakı ilə Azərbaycanın regionlarında fəaliyyət göstərən gənclər təşkilatlarının toplantısı keçirilmişdir.
#BİRLİKDƏ şüarı adı altında keçirilən görüş çərçivəsində Gənclər Fondunun gənclər təşkilatlarına təqdim etdiyi imkanlar və Fondun 11-ci qrant müsabiqəsi barədə ətraflı məlumat verilmiş, Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq olunmuş Fondun Nizamnaməsi çərçivəsində Gənclər Fondunun fəaliyyət istiqamətləri və vəzifələri haqqında məlumat təqdim olunmuşdur. Daha sonra, gənclər təşkilatları ilə onların regionlardakı fəaliyyətləri, qarşılaşdıqları problemlər və həmin problemlərin həlli yolları təhlil edilmiş və təkliflər formalaşdırılmışdır.
Toplantının ikinci günündə gənclər təşkilatları üçün layihələrin yazılması, büdcə planlaşdırılması və effektiv kommunikasiyalar mövzusunda peşəkar təlimçilər tərəfindən seminarlar təşkil olunmuşdur.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov ilə görüş çərçivəsində gənclər təşkilatlarının fikirləri və təklifləri dinlənilmiş, mövcud problemlərin həlli istiqamətində işlərin görülməsi ilə bağlı müvafiq tapşırıqlar verilmişdir.
Xatırladaq ki, fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək, həmin sahədə müxtəlif tədbirlərin təşkilində, habelə gənclərə maliyyə köməyi nəzərdə tutan layihələri dəstəkləməkdən ibarət olan Azərbaycan Respublikasının Gənclər Fondu 18-29 yaşlı gəncləri və gənclər təşkilatlarını 11-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini təqdim etməyə dəvət edir. Layihə təklifləri 23 sentyabr 2018-ci il tarixinədək Gənclər Fondunun rəsmi internet səhifəsi (www.youthfoundation.az) vasitəsi ilə qəbul olunacaqdır.