Fəaliyyətinin əsas məqsədi gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirmək olan Azərbaycan Respublikasının Gənclər Fondu (bundan sonra – “Fond”) 18-29 yaşlı gəncləri (bundan sonra – “gənc”) və gənclər təşkilatlarını 11-ci qrant müsabiqəsində iştirak etmək üçün “A”, “B” və “C” kateqoriyaları üzrə layihə təkliflərini bu gündən (28 avqust) təqdim etməyə dəvət edir.
Müsabiqənin məqsədi gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsinə, vətənpərvərlik ruhunda tərbiyə olunmasına, ictimai fəallığının artırılmasına, innovativ ideyalarının, yaradıcı təşəbbüslərinin, asudə vaxtlarının səmərəli təşkilinin reallaşdırılmasına yönəlmiş layihələri dəstəkləmək, habelə Dövlət Gənclər siyasətinin icrası prosesində yaxından iştirak etmək istəyən gənclər təşkilatları və ictimai fəal gənclərin layihə təkliflərini qrant şəklində məqsədli maliyyələşdirib, onlar üçün geniş və faydalı fəaliyyət sahəsi yaratmaqdır.
Layihələrin müddəti:
Müsabiqəyə təqdim olunmuş “A” və “B” kateqoriyaları üzrə layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox, “C” kateqoriyası üzrə layihə təkliflərinin icra müddəti isə 3 aydan az, 6 aydan çox olmamalıdır.
Layihələrin məbləği:
Layihə təklifinin maliyyələşdirilməsi üçün Fonddan istənilən məbləğ “A” kateqoriyası üzrə ayrılmış qrant məbləğinin dəyəri 10.000 (on min) manatdan, “B” kateqoriyası üzrə 15.000 (on beş min) manatdan, “C” kateqoriyası üzrə isə 5.000 (beş min) manatdan çox olmamalıdır.
Layihələrin təqdim olunmasına dair əsas tələblər:
- Müsabiqədə yalnız 2017-ci ilin sonunadək dövlət qeydiyyatına alınmış gənclər təşkilatları və 1989-cu il avqustun 28-dən 2000-ci il sentyabrın 23-dək anadan olmuş gənclər iştirak edə bilərlər.
- Gənclər təşkilatları müsabiqəyə “A” və “B” kateqoriyalarından yalnız biri üzrə 1 layihə təqdim edə bilər.
- “A” və ya “B” kateqoriyası üzrə layihə təqdim edən gənclər təşkilatlarının rəhbərləri və həmin layihələrin işçi heyəti “C” kateqoriyası üzrə layihə təqdim edə bilməzlər.
- Layihə təklifləri yalnız bu elanda göstərilmiş tələb və istiqamətlərə uyğun gəldiyi halda nəzərdən keçiriləcəkdir.
- Layihə təklifləri reallığı əks etdirməli, icrası gənclər təşkilatları və gənclər tərəfindən mümkün olmalıdır.
- “A” və ya “B” kateqoriyası üzrə layihəsinin icrası başa çatmış, lakin 2018-ci il sentyabr ayının 08-dək təsviri və maliyyə hesabatlarını Fonda təqdim etməmiş resipiyentlərin müraciətlərinə baxılmayacaq.
- Fondla müqavilənin imzalanması və layihənin idarə olunması resipiyent tərəfindən şəxsən həyata keçirilməlidir. Yalnız müvafiq tibbi arayış təqdim edildikdə, resipiyentin üzrlü səbəbdən layihəni idarə edə bilməməsi məsələsinə baxıla bilər.
- Gənclər və dövlət qeydiyyatından keçmiş gənclər təşkilatları təqdim edəcəkləri layihə təklifini müvafiq qaydada əsaslandırmalıdır (layihənin hədəf və məqsədi, məqsədə nail olmaq üçün görülməli işlər və gözlənilən nəticələr).
- Fonda ilk dəfə müraciət edən gənclər təşkilatları 5 000 (beş min) manatdan artıq olmayan məbləğdə layihə təklifləri verə bilər.
Layihələr seçilərkən üstünlük veriləcək meyarlar:
- Layihələr seçilərkən gənclərin ixtisası və fəaliyyət istiqamətlərinə, dövlət qeydiyyatına alınmış gənclər təşkilatları tərəfindən təqdim edilən layihələrin isə nizamnaməsinə əsasən fəaliyyət istiqamətinə uyğun təqdim edilən layihələrə üstünlük veriləcək.
- Fond tərəfindən layihə qiymətləndirilməsi aparılan zaman gənclərin fəaliyyət istiqaməti sahəsində diplom və sertifikatı olanlara üstünlük veriləcək.
Layihə təklifi verəcək gənclər təşkilatları üçün tələblər:
- dövlət qeydiyyatına alınmalı və bu barədə dövlət reyestrindən çıxarış təqdim etməli;
- bankda hesaba malik olmalı;
- illik maliyyə hesabatını Maliyyə Nazirliyinə təqdim etməlidir.
Müsabiqənin başlama tarixi:
- Layihə təklifləri 2018-ci il avqust ayının 28-dən başlayaraq təqdim edilə bilər.
Layihə təkliflərinin qəbulu üçün son tarix:
- Layihə təklifləri üçün son tarix 23 sentyabr 2018-ci il, saat 18:00.
Layihə təklifləri “Azərbaycan Respublikasının Gənclər Fondunun qrant müsabiqəsində iştirak etmək üçün Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış gənclər təşkilatlarının və gənclərin qeydiyyata alınmasına dair Təlimat”a uyğun hazırlanmalı, Azərbaycan Respublikasının Gənclər Fondunun rəsmi internet səhifəsində (www.youthfoundation.az) qeydiyyatdan keçilməli və saytda göstərilən həmin formaya uyğun olaraq, elektron qaydada təqdim edilməlidir.
Fond, ölkə üzrə müxtəlif rayon və şəhərlərdə qeydiyyatda olan gəncləri və aktiv fəaliyyət göstərən gənclər təşkilatlarını layihə təklifləri ilə 11-ci qrant müsabiqəsində fəal iştirak etməyə dəvət edir.
11-ci qrant müsabiqəsinin kateqoriyalar üzrə müəyyənləşdirilmiş, prioritet istiqamətləri ilə bağlı məlumatı aşağıdakı hiper keçidlərdən əldə edə bilərsiniz: