Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun X Qrant Müsabiqəsinin qalibi Ramin Həbibzadə “Natiqlik uğurun mənbəyidir” adlı layihə ilə gəncləri, müxtəlif ali təhsil müəssisələrində təhsil alan tələbələri maarifləndirməyə çalışdı. R.Həbibzadə tələbələrlə görüşərək, onlara ilk növbədə natiqlik və onun ümumi qaydaları, daha yaxşı nitqin əldə edilməsi üçün vasitələri, xüsusilə bu istiqamətdə müxtəlif kitablar mütaliə etməyi tövsiyə etdi. O, həmçinin gənclərin özünü ifadə etməyində ən əsas əngəli “komplekslərdə” olduğunu dilə gətirmiş, bunu aradan qaldırmağın və bunun üçün mütəmadi ünsiyyətdə olmağın vacibliyini bildirmişdir. Layihə rəhbəri Ramin Həbibzadə uğurun əsas sirlərindən biri də natiqlik olduğunu bildirərək, səlis nitqin daim uğur gətirəcəyini izah etmiş, yaxşı natiqin həm ailə-məişət, həm təhsil, həm də karyera dönəmində müvəffəqiyyət əldə edəcəyini vurğulamışdır. O, natiqliklə bərabər bədən dilinin də əsas olduğunu, bədən dili ilə nitqin düzgün uyğunlaşdırılmasını dilə gətirmişdi.
R.Həbibzadə hər iki sahədə tələbələrə maraqlı kitablar tövsiyə etmiş, tələbələrin suallarını cavablamışdır.