2, 5, 6 mart tarixlərində Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyi “Gələcək üçün Startup” layihəsi çərçivəsində intensiv təlim və innovasiya konfransı təşkil edib. Həm yerli, həm də xarici ekspertlərin iştirakı ilə həyata keçirilən tədbirdə Barama İnnovasiya və Sahibkarlıq Mərkəzi və Sosial İnnovasiya Laboratoriyası əsas tərəfdaşlar olaraq çıxış ediblər. Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun, İsrail dövlətinin Azərbaycandakı Səfirliyinin və Şevron Xəzər şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi gənclərin innovasiya sahəsinə marağını artırmaq, onları startup layihələrinin hazırlanmasında istiqamətləndirmək və bununla da gənc sahibkarların və Azərbaycanda startup ekosisteminin inkişafına təkan vermək olub.
İnnovasiya Konfransı sahibkarlıq sahəsində təcrübələri bölüşmək, panel müzakirələri aparmaq və sahibkarlıq ekosisteminin inkişafı yollarını axtarmaq məqsədi ilə 80-dən çox hökümət və səfirlik nümayəndələrini, universitet tələbələrini, sahibkarları və startup sahəsinə marağı olan şəxsləri bir araya topladı. Açılış mərasimində iştirak edən İsrailin Azərbaycandakı səfiri Dan Stav təbii sərvətlərin azaldığı müasir dünyada insan kapitalı və təhsilin iqtisadi rifahı artırmaq üçün vacib olduğunu vurğuladı. Konfransda bir sıra ölkələrdə startup ekosisteminin yaradılmasında iştirak edən israilli ekspert Tal Katran iştirakçılarla öz peşəkar təcrübəsini bölüşdü.
ADA Universitetində həyata keçirilən 3 günlük intensiv təlimə 12 universitetdən 42 tələbə cəlb edilmişdi. İntensiv təlim iştirakçılar üçün ideya mərhələsindən başlayaraq real startup layihələrinin hazırlanması istiqamətində yeni imkanlar yaratdı. 16-25 yaş arası gənclərin iştirakı ilə baş tutan intensiv və interaktiv təlimdə təhsil, ətraf mühit, qida və turizm istiqamətləri üzrə fikir mübadiləsi aparılıb biznes layihələr hazırlandı.
“Gələcək üçün Startup” layihəsi 11 komandanın startup layihələrini münsiflər heyətinə təqdim etdiyi biznes yarış ilə yekunlaşdı. Münsiflər heyəti təqdim olunan layihələrin həyata keçirilə bilmə dərəcəsinə, rəqabətə davamlılığı və yeniliyi əsasında 3 ən yaxşı startup layihələri 1-ci, 2-ci və 3-cü yerə layiq gördülər.
Beləliklə:
1-ci yerin qalibləri “E-Donor” layihəsi ilə Cəmil Ağasıyev, Elgün Tağıyev, İlkin Hüseynov, Dərya Səfərova
2-ci yerin qalibləri “Horti” layihəsi ilə Natəvan Abbasova, Natəvan Əliqızı, Elvi Əzizli, Sərxan İsmayılov
3-cü yerin qalibləri “Nanny Manny” layihəsi ilə Nigar Əhmədova, Nəzrin Şıxəliyeva.