Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Gəncə gəncləri ilə görüşüb.
Gənclər Evində keçirilən görüşdə Fondunun layihələr və regionlarla iş sektorunun müdiri Orxan Ərəbov, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov, Gənclər Evinin müdiri Amil Qurbanov, Gənclər Təşkilatlarının sədrləri, fəal gənclər iştirak ediblər.
Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Müşfiq Cəfərov Gəncədə hər sahədə olduğu kimi gənclər sahəsində də əldə olunan uğurlardan danışıb. Bildirib ki, bu gün şəhərdə gənclər infrastrukturu genişlənir, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün parklar, kafelər, əyləncə mərkəzləri tikilib istifadəyə verilir. Gəncədə yüzlərlə yerli və beynəlxalq səviyyəli layihələr həyata keçirilib ki, bu da gənclərin hərtərəfli inkişafına, onların dünyagörüşünün artırılmasına hesablanıb.
Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov qeyd edib ki, ölkəmizdə həyata keçirilən inkişaf siyasəti bütün sahələrdə çoxsaylı uğurların əldə edilməsinə səbəb olub. Eyni zamanda, bu uğurlardan ölkəmizin gənclərinə də pay düşüb. Vətənpərvər, sağlam düşüncəli yeni nəslin formalaşmasına, gənclərin ictimai fəallığının artırılmasına və onların ideyalarının, təşəbbüslərinin dəstəklənməsinə xidmət edən Gənclər Fondu daim gənclərə dəstək olur, onlar tərəfindən hazırlanmış layihələri uğurla həyata keçirir. Fond region gənclərini də unutmur, onlarla əməkdaşlığa xüsusi önəm verir.
Görüş zamanı Orxan Ərəbov Gənclər Fondunun gördüyü işlər haqqında ətraflı məlumat verib.
Gəncə Dövlət Universitetinin Tələbə-Gənclər Təşkilatının sədri Orxan Məmmədov, Gənclər üçün Təhsil Mərkəzi Gəncə Regional ofisinin rəhbəri Aygün Həsənzadə, “Gəncə Avropa Paytaxtı 2016” İctimai Birliyinin layihələr üzrə əlaqələndiricisi Şəhriyar Hacıyev, Gəncə Kitab Klubunbun sədri Ülviyyə Mahmudova, Gəncə İntellektual Klubunun rəhbəri Natiq Salahov, “Gələcəyə Körpü” Gənclər İctimai Birliyinin icraçı dirüktoru Hüseynxan Hacızadə və başqaları çıxış edərək Gəncə gənclərinin uğurlarını dövlət tərəfindən onlara göstərilən hərtərəfli qayğının bariz nümunəsi kimi qiymətləndiriblər.